
Hər il ölkəmizdə qanlı 20 Yanvar hadisələri ilə bağlı silsilə tədbirlər təşkil edilir və bu il də müvafiq Sərəncamla təsdiq olunmuş “20 Yanvar faciəsinin 28-ci ildönümünün keçirilməsi ilə bağlı tədbirlər planı” icra olunmaqdadır.
Gununsesi.info-nun xəbərinə görə, həmin hadisələrlə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova Bakıda və regionlarda silsilə tədbirlər təşkil edir.
Belə ki, bu tədbirlərdən biri Ombudsmanın uşaq hüquqlarının resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin Liderlik Məktəbində keçirilmişdir. Tədbirdə Ombudsman Aparatının şöbə müdiri Faiq Ağayev, “20 Yanvar” cəmiyyətinin sədr müavini, ehtiyatda olan hərbi qulluqçu Mustafa Əliyev, habelə şəhid ailələrini təmsil edən Şövkət Xanməmmədova, Muhəstə Həsənova, Liderlik Məktəbinin şagirdləri və onların valideynləri iştirak ediblər.
İlk öncə Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
F.Ağayev bu tədbirin məqsəd və məramını açıqlamış, faciə barədə məlumat verib. Qeyd olunub ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun qoşunları qəfildən Bakı və Sumqayıt şəhərlərinə, habelə ölkəmizin bir çox digər şəhər və rayonlarına yeridilib. Bakıya daxil olan silahlı qoşunlar milliyyətindən, yaşından və cinsindən asılı olmayaraq, 147 nəfər silahsız mülki şəxsi, o cümlədən yaşlıları, qadınları və uşaqları amansızcasına öldürüb, paytaxtda, şəhərətrafı qəsəbələrdə və rayonlarda 744 dinc, günahsız insan yaralanıb, yüzlərlə adam itkin düşüb, 841 nəfər qanunsuz həbs edilib.
O dövrdə bu qanlı hadisələrlə bağlı Azərbaycan xalqı adından Ulu öndər Heydər Əliyev sərt bəyanat verərək 20 Yanvar faciəsində xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb edib.
Ombudsmanın 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar Bəyanatı səsləndirilmiş, hər il olduğu kimi, BMT-nin Baş Katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, İslam Əməkdaşlıq Təşkilatına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinə, Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərildiyi iştirakçıların diqqətinə çatdırılıb.
Mustafa Əliyev qanlı yanvar gecəsində baş vermiş hadisələr, xalqımızın oyanış ruhu, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın ölkəmizə qarşı təcavüzü və işğalçı siyasəti barədə məlumat verib, 20 yanvar gecəsi xalqımızın Sovet ordusuna qarşı dəyanətlə duruş gətirməsi, lakin ordunun mülki əhaliyə, silahsız insanlara, hətta uşaqlara və yaralılara kömək etmək istəyən həkimlərə qarşı silah işlədərək onları gülləbaran etməsi haqqında ürək ağrısı ilə söz açıb.
Sonra şəhid ailələrini təmsil edən Şövkət Xanməmmədova və Muhəstə Həsənova faciə ilə bağlı şahidi olduqları hadisələr, habelə Azərbaycan həqiqətləri barədə ətraflı məlumat vermiş, iştirakçıların suallarını cavablandırıblar.
Liderlik məktəbinin üzvləri şəhidlərə həsr edilmiş və Vətən mövzusunda şeirlər söyləyiblər.
Eyni zamanda Ombudsmanın Ahılların Resurs Mərkəzində də 20 Yanvar faciəsi ilə bağlı tədbir keçirilmiş, qonaqlar çıxış edərək mərkəzin üzvlərinə məlumat veriblər.
Gülnaz Qənbərli
Gununsesi.info












