4 milyona yiyə duran yoxdu

  • By admin
  • 04 İyul 2016 14:13

dollar

 

“Bağlanan bankların əmanətçilərinə indiyədək 144 milyon AZN yaxın vəsait ödənib. Lakin bəzi əmanətçilər hələ də gəlib öz pullarını geri almırlar. 3 bank üzrə 4 milyon AZN-dək belə vəsait əmanətçilərini gözləyir”. Gununsesi.info-nun məlumatına görə, bu barədə Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ƏSF) icraçı direktoru Azad Cavadov bildirib.

Onun sözlərinə görə, Fond bütün vəsaitləri artıq agent bankların hesabına ödəyib: “Problem bizlik deyil. Bir il ərzində əmanətçilər pullarını mütləq almalıdırlar. ƏSF sığota hadisəsi baş vermiş kommersiya banklarının vəsaitləri qorunan əmanətçilərinə indiyədək toplam 143,823 AZN kompensasiya ödəyib. “Texnikabank”ın qorunan əmanətçilərinə 118,916 mln. AZN, “Bank of Azerbaijan”ın əmanətçilərinə 24,036 mln. AZN, “Gəncəbank”ın əmanətçilərinə isə indiyədək 871 min AZN ödənilib”-, deyə o bildirib.

Onun sözlərinə görə, Fond əmanətçilərin ərizələrini kompensasiyaların ödənilməsi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Bağlanan bu bankların qorunan əmanətçilərinə 100% həcmində (30 min AZN-dək) kompensasiya ödənilir. A.Cavadov qeyd edib ki, hazırda fondun 21 milyon manat vəsaiti var: “Hansısa bankda sığorta hadisəsi baş verərsə, bu puldan istifadə oluna bilər. Daha çox vəsaitə ehtiyac olarsa, əlaqədar dövlət qurumlarından borc ala bilərik”.

Gülnaz Qənbərli