Sülh Şurası ilə bağlı müzakirələr Azərbaycan ictimai-siyasi mühitində davam edir.
Şuranın fəaliyyəti və mahiyyəti haqqında suallar da yaranır.
Məsələn, maraqlıdır, bu təşəbbüsün BMT və digər beynəlxalq institutlarla əlaqəsi və əməkdaşlıq potensialı necə qiymətləndirilə bilər?
Bu barədə Gununsesi.info-ya Milli Məclisin deputatı Elnarə Akimova danışıb.
O bildirib ki, Sülh Şurası təşəbbüsü dünyada və regionda sabitliyin möhkəmlənməsinə xidmət edən yeni əməkdaşlıq platforması kimi qiymətləndirilə bilər:
“Belə bir qurumun effektiv fəaliyyəti üçün onun beynəlxalq sistemə inteqrasiya olunması vacibdir. Xüsusilə Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq Sülh Şurasına hüquqi legitimlik, beynəlxalq təcrübə və institusional dəstək qazandıra bilər. Bu əməkdaşlıq vasitəsilə münaqişələrin qarşısının alınması, humanitar dialoqun təşkili və etimad quruculuğu istiqamətində fəaliyyət daha sistemli və əlaqələndirilmiş şəkildə həyata keçirilə bilər.
Sülh Şurası qlobal institutların alternativi deyil, onların fəaliyyətini tamamlayan regional mexanizm kimi çıxış edə bilər. Bu halda beynəlxalq təşkilatlarla məlumat mübadiləsi, birgə ekspert müzakirələri və humanitar təşəbbüslərin koordinasiyası kimi praktik əməkdaşlıq formaları ön plana çıxır. Belə yanaşma həm regional problemlərə daha çevik reaksiya verməyə, həm də qəbul edilən qərarların beynəlxalq prinsiplərlə uzlaşmasına imkan yaradır”, -deyə o qeyd edib.
Akimova o cümlədən bildirib:
“Bu təşəbbüs çərçivəsində Azərbaycanın fəal iştirak etməsi ölkənin sülh gündəliyinə verdiyi önəmin göstəricisi kimi dəyərləndirilə bilər. Ümumilikdə Sülh Şurasının perspektivi regional təşəbbüsün beynəlxalq institutlarla əməkdaşlıq şəraitində inkişaf etməsindən, dialoq və qarşılıqlı etimad mühitinin gücləndirilməsindən asılı olacaq. Bu isə müasir dövrdə sabitlik və təhlükəsizlik məsələlərinin yalnız birgə səylərlə həll oluna biləcəyini bir daha təsdiqləyir”.
Orxan
Gununsesi.info









