“Azərbaycanlıların meyiti üzərindən keçən, qırğın vaxtı Şaumyanla içki içən həmyerlimiz” - Saffari yazır...

  • Müəllif: Orxan
  • 02 Sentyabr 2026 11:12

Şübhəsiz ki, Azərbaycan tarixinin ən dəhşətli günlərindən biri də 1918-ci ilin 30 mart-2 aprel tarixlərində Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində bolşevik-daşnak silahlı dəstələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi kütləvi qırğın, yəni “Mart qırğınları”dır.

Rəsmi məlumatlara görə, təkcə Bakıda 12 mindən çox azərbaycanlı qətlə yetirilmiş, qırğınlar zamanı minlərlə insan itkin düşmüş, tarixi abidələr, məscidlər və yaşayış məntəqələri dağıdılmışdır.

Maraqlıdır, bəs bu dəhşətli faciədə bolşeviklərə müxtəlif cür dəstək verən azərbaycanlı var idimi?

Təəssüf ki, bəli, var idi.

Onun adı isə Məmmədhəsən Əliyev idi.

Konkret desək, Məmmədhəsən Əliyev Mart soyqırımı günlərində Bakı Kommunasının inzibati strukturunda yer alan şəxs idi.

Ancaq o, təkcə yer almaqla da kifayətlənməmişdi.

Daha dəqiq desək, Şaumyanın şəhərdəki ərzaq, yanacaq və maliyyə resurslarını tam nəzarətə götürməsinə yardım etmişdir.

Məmmədhəsən Əliyev, bundan başqa, qırğınlar zamanı azərbaycanlıların silahlarının əlindən alınması, caamatın ac qalması və ermənilərə ərzaq yardımı etməyi ilə də seçilib.

Mahiyyət etibarı ilə baxsaq, onun vurduğu zərbə bolşeviklərin vurduğu zərbədən daha ağır idi.

Bəs o, bütün bunları necə etmişdi?

Mart qırğınlarından əvvəl Bakıda azərbaycanlıların ərzaq təminatını və daxili asayişini qismən də olsa tənzimləyən mülki struktur fəaliyyət göstərirdi.

Həmin struktur “Müsəlman İctimai Təşkilatları Komitəsi” adlanırdı.

Məmmədhəsən Əliyev bolşevik-daşnak rəhbərliyi ilə əlbir olaraq, məhz bu komitənin ləğv edilməsində və onun bütün maliyyə xəzinəsinin, anbarlarının Şaumyanın nəzarətinə keçməsində həlledici rol oynamışdı.

Üstəlik, onun sayəsində Bakı kəndlərindən (Məhəmmədi, Əhmədli, Balaxanı, Binəqədi, Sabunçu və s.) şəhərə gələ biləcək köməyin qarşısı da kəsildi.

Mart soyqırımı günlərində törədilən ən böyük və ən bağışlanmaz xəyanət dinc əhalinin aldadılaraq kütləvi şəkildə silahsızlaşdırılması və bununla da daşnak qatillərinin qarşısında tamamilə müdafiəsiz qoyulmasıdır ki, məhz bunu da o elədi.

Əlbəttə, bir azərbaycanlının bolşevikdən daha çox bolşevik olması, bu qanlı qırğında tükünün tərpənməməsi olduqca dəhşətlidir.

O qədər dəhşətlidir ki, qırğın zamanı insanlar əliyalın küçədə öləndə, o, Şaumyan ilə spirtli içki içirdi.

Dolayısı ilə, bu anların dadını çıxardırdı.

Ürəyi soyumayan Məmmədhəsən Əliyev, qırğınlar zamanı küçədə qalan azərbaycanlıların meyiti üzərindən də oyan-buyana gedirdi.

Tək sevindirici məqam odur ki, onun taleyi də elə qırğın misalı oldu.

Belə ki, Məmmədhəsən Əliyev 1918-ci il sentyabrın 19-dan 20-nə keçən gecə Ağcaqumda başı kəsildi.

Orxan Saffari

Gununsesi.info