Azərbaycan Türkiyəyə qurban verildimi? - Saffari yazır...

  • Müəllif: Orxan
  • 02 Sentyabr 2026 11:09

Tarix bəzən iki xalqın eyni anda yaşadığı hadisələri bir-birindən ayrı yazır.

Bu mənada, demək olar ki, 1918–1923-cü illər Azərbaycan və Türkiyə tarixinin məhz belə bir dövrüdür.

Bir tərəfdə 28 may 1918-ci ildə yaranmış Azərbaycan Xalq Cümhuriyyəti, müsəlman Şərqində parlamentli respublika təcrübəsinin ən mühüm nümunələrindən biri, bir tərəfdə isə Birinci Dünya müharibəsindən məğlub çıxmış, paytaxtı işğal altında olan Osmanlı dövlətinin xarabalıqları üzərində Mustafa Kamalın rəhbərliyi ilə qurulan Milli Mübarizə.

Paralellik nəzərindən baxsaq, bu iki proses eyni vaxtda başlayır, bir-birinə yaxınlaşır, bir-birindən yardım alır və nəhayət, qəribə bir tarixi paradoks yaranır.

Paradoks budur ki, Azərbaycan Cümhuriyyəti 1920-ci ilin aprelində süqut etdiyi vaxt Türkiyə hələ müstəqil respublika deyildi. Amma Azərbaycan artıq Türkiyənin gələcək mübarizəsinin mühüm resurslarından birinə çevrilmişdi.

Konkret desək, Azərbaycan Cümhuriyyəti Türkiyə Cümhuriyyətinə qurban verildimi?

Əlbəttə, cavab “bəli” və ya “xeyr” qədər sadə deyil.

Bəs məsələ necədir?

Azərbaycan Cümhuriyyəti yarandığı anda onun qarşısında romantik müstəqillikdən daha sərt bir reallıq dayanırdı. Yəni dövlətin yaşaması üçün orduya ehtiyacı vardı, ancaq bu ordunun qurulması üçün isə vaxt yox idi. Digər tərəfdən, Bakı bolşevik-daşnak qüvvələrinin nəzarətində idi. Azərbaycan hökuməti həmin vaxt həm də Gəncədə yerləşirdi. Belə bir şəraitdə 4 iyun 1918-ci ildə Osmanlı dövləti ilə Azərbaycan arasında Dostluq müqaviləsi imzalandı.

Müqavilənin 4-cü maddəsi Osmanlı hökumətinin lazım gəldikdə Azərbaycana hərbi yardım göstərməsini nəzərdə tuturdu.

Bu yardımın nəticəsi olaraq Qafqaz İslam Ordusu yaradıldı və 15 sentyabr 1918-ci ildə Bakı azad edildi. Azərbaycan hökuməti bundan sonra paytaxtını Bakıya köçürdü.

Bəs daha sonra nələr oldu?

Yəni başlanğıcda münasibət tamamilə başqa idi. Daha dəqiq, Türkiyə Azərbaycana kömək edirdi. Amma tarix çox qısa müddətdə istiqaməti dəyişdi.

1918-ci ilin oktyabrında Osmanlı dövləti Mudros barışığını imzaladı. Bunun nəticəsində Osmanlı qoşunları Azərbaycanı tərk etməli oldu. Yəni konkret olaraq Azərbaycan artıq xarici hərbi dayağından məhrum idi.

Beləcə, iki ölkənin taleyində ilk böyük ayrılma baş verdi.

1919-cu ildə Türkiyə Azərbaycandan kömək istəyən tərəfə çevrikdi.

Çünki vəziyyət tamamilə dəyişmişdi.

Osmanlı imperiyası faktiki olaraq dağılmışdı. İstanbul işğal altında idi. Anadolu ərazisində Mustafa Kamalın rəhbərliyi ilə Milli Mübarizə başlayırdı.

Azərbaycan isə hələ müstəqil idi.

Bəs Azərbaycan o dövrdə Türkiyəyə nə verə bilərdi?

Əlbəttə, pul, neft, diplomatik dəstək və geosiyasi imkanlar.

Belə ki, Azərbaycanın neft sərvətləri və Xəzər üzərindəki mövqeyi Ankaradakı Milli Mübarizə üçün əhəmiyyət daşıyırdı.

Yəni belə baxsaq, 1918-ci ildə Türkiyə Azərbaycana əsgər göndərirdi, 1919-cu ildə Azərbaycan Türkiyəyə maddi dayaq olmağa çalışırdı.

Amma üçüncü oyunçu artıq səhnəyə çıxmışdı – Sovet Rusiyası.

1920-ci ildə Türkiyənin qarşısında seçim oldu.

Nə idi bu seçim?

Çünki Mustafa Kamalın rəhbərlik etdiyi Milli Mübarizənin qarşısında iki böyük təhlükə vardı.

Birincisi, Qərb dövlətləri idi. Xüsusilə Britaniya və onun müttəfiqləri.

İkincisi, Şimaldan Cənubi Qafqaza doğru gələn bolşevik Rusiyası.

Ankara üçün bu vəziyyət son dərəcə mürəkkəb idi. Sovet Rusiyası ideoloji baxımdan tamamilə fərqli olsa da, onun Antanta dövlətlərinə qarşı çıxması Ankara ilə Moskvanı müəyyən müddətlik strateji tərəfdaşlığa yaxınlaşdırdı.

Məhz burada Azərbaycan məsələsi Türkiyə-Sovet münasibətlərinin içinə daxil oldu.

1920-ci ilin aprelində XI Qızıl Ordu Bakıya daxil oldu və Azərbaycan Demokratik Respublikasının hakimiyyətinə son qoyuldu.

Maraqlı məqam odur ki, bu proses bir az da sanki Türkiyə-Sovet yaxınlaşması fonunda baş verdi.

Və burada ən ağır sual ortaya çıxır:

Ankara Azərbaycanın müstəqilliyini qorumaq üçün Sovet Rusiyası ilə qarşıdurmaya girə bilərdimi?

Real siyasi faktlar baxımından cavab böyük ehtimalla “çox çətin”dir.

Çünki Ankara özü ölüm-dirim müharibəsi aparırdı.

Azərbaycanın müdafiəsi üçün Moskva ilə qarşıdurmaya girmək Türkiyənin öz gələcəyini təhlükəyə ata bilərdi.

Beləliklə, iki Cümhuriyyətin taleyi ilk dəfə bir-birinə qarşı qoyulmuş kimi görünür:

Azərbaycanın müstəqilliyini qorumaq artıq Sovet Rusiyası ilə qarşıdurma demək idi.

Sovet Rusiyası ilə əməkdaşlıq etmək isə Azərbaycanın artıq sovetləşmiş vəziyyətini qəbul etməyə yaxınlaşmaq demək idi.

Nəhayət, proseslərin sonunda 1920-ci il aprelin 28-də Azərbaycan Cümhuriyyəti süqut etdi.

Amma Türkiyə mübarizəni davam etdirdi.

Azərbaycanın siyasi müstəqilliyi yox oldu, lakin Azərbaycan ərazisi Ankara üçün tamamilə əhəmiyyətsiz olmadı.

Əksinə, Sovet Azərbaycanı sonrakı dövrdə Türkiyə Milli Mübarizəsinə müəyyən maddi yardım göstərdi.

Türkiyənin Bakıdakı nümayəndəsi Memduh Şevket bəy Azərbaycan hökumətinin Anadolu hərəkatına maddi yardım göstərməsində rol oynadı.

Başqa sözlə, Azərbaycan Cümhuriyyəti Türkiyəyə kömək etmək üçün mövcudluğunu qoruyub saxlaya bilmədi.

Amma Sovet Azərbaycanı belə Türkiyənin müstəqillik mübarizəsinə müəyyən şəkildə yardım etdi.

Əgər sualı “Azərbaycan Türkiyəyə qurban edildi” kimi yox, “Azərbaycanın müstəqilliyinin itirilməsi Türkiyənin Milli Mübarizəsinin geosiyasi şəraitinin bir hissəsinə çevrildi” desək, bir qədər doğru ola bilər. Bu, qəsdlə, siyasi bir plan olmasa da, belə idi.

Bəs sonrakı dövrdə bu ifadəni gücləndirəcək nələr oldu?

O oldu ki, 1921-ci ildə artıq vəziyyət daha da aydınlaşmışdı.

Türkiyə ilə Sovet Rusiyası arasında Moskva müqaviləsi imzalandı. Ardınca 13 oktyabr 1921-ci ildə Qars müqaviləsi bağlandı. Bu müqavilədə Azərbaycan SSR, Ermənistan SSR, Gürcüstan SSR və Türkiyə iştirak edirdi.

Burada Azərbaycan artıq müstəqil dövlət kimi masada deyildi.

Azərbaycan Cümhuriyyəti danışıqlar aparan tərəf olmaqdan çıxmışdı, Azərbaycan SSR isə sovet sisteminin tərkibində müqavilə iştirakçısına çevrilmişdi.

Orxan Saffari

Gununsesi.info