ABŞ-nin 3 yanvarda Venesuelaya hərbi müdaxiləsi zamanı saxlanılan Prezident Nikolas Maduronun oğlu Nikolas Maduro Querra atasının həbsdən sonra çəkilən ilk fotosunun necə əldə edildiyini açıqlayıb.
Gununsesi.info xəbər verir ki, “Nikolassito” ləqəbi ilə tanınan Maduro Querra “X”də paylaşım edərək fotonun çəkilməsi və ailəsinə çatdırılması prosesinin təfərrüatını danışıb.
Nikolasito bildirib ki, foto 24 iyunda Venesuelada baş verən iki güclü zəlzələdən bir gün sonra – iyunun 25-də çəkilib.
“Bu fotonun bizə necə çatdığı barədə bir az danışacağam”, – deyə o qeyd edib.
Onun sözlərinə görə, həmin gün fotoqraf Maduronun televizora baxdığını və zəlzələlərdən sonra əhvalının çox aşağı olduğunu bildirib.
“O, çox sarsılmışdı, çox kədərli idi və hadisələri çox diqqətlə izləyirdi”, – fotoqraf Maduronun həmin vaxtkı vəziyyətini təsvir edib.
Nikolassito deyib ki, Maduro həmin gün icazə verilən telefon zənglərindən istifadə edərək ailəsinə təxminən 4-5 dəfə zəng edib. Prezident zəlzələnin yaratdığı vəziyyətdən narahat olub, La Quaira və digər ərazilərin vəziyyəti ilə maraqlanıb.
“Şəklini çəkdirmək üçün heç uyğun vəziyyətdə deyildi. Fotoqraf təkid edərək deyib: “Xahiş edirəm, gəlin, bu fotonu sonra göndərə bilərsiniz”, – Maduro Querra bildirib.
Onun sözlərinə görə, Maduro da bu fotonun gələcəkdə onun yaxşı vəziyyətdə, güclü və dözümlü olduğunu göstərməsini arzulayaraq şəkil çəkdirməyə razılaşıb.
Nikolassito bildirib ki, Maduronu çəkən fotoqrafa görüntünün çap olunmuş iki nüsxəsi verilib. Fotoqraf onları iyulun 13-də poçt vasitəsilə göndərib və şəkillər avqustun 25-də ABŞ-dəki ünvana çatıb.
“Biz fotonu aldıq. Mənə ekran görüntüsü göndərdilər və biz onu ailə olaraq görə bildik”, – Maduro Querra deyib.
Onun sözlərinə görə, ailə bundan sonra fotoşəklin ictimaiyyətə hansı formada və hansı mesajla təqdim edilməsinin daha məqsədəuyğun olduğunu müzakirə edib.
“Nəhayət, ondan mesaj yazmasını xahiş etdik. Cümə axşamı (28 avqust) zəng edib həmin mesajı diktə etdi və bu, bazar günü (30 avqust) foto ilə birlikdə dərc olundu”, – o əlavə edib.
Nikolassito atasının və anası Siliya Floresin mümkün qədər tez azadlığa buraxılması üçün mübarizəni davam etdirəcəklərini bildirib. O, həmçinin “Allahın kğməyi ilə xoş xəbərlər almağa davam edəcəklərini” ümid etdiyini deyib.













