İqtisadçı Natiq Cəfərli Azərbaycanda kənd və rayonların boşalmasının qarşısının alınması üçün dövlət səviyyəsində xüsusi təşviq proqramlarının həyata keçirilməsinin vacibliyini bildirib.
Gununsesi.info-nun xəbərinə görə, Natiq Cəfərli bununla bağlı fikirlərini bildirib.
O qeyd edib ki, son dövrlər mətbuatda müxtəlif ölkələrdə, xüsusilə İtaliyada evlərin simvolik qiymətə – 1 avroya satışa çıxarılması ilə bağlı xəbərlər yayılır.
Onun sözlərinə görə, belə layihələrdən biri Siciliya adasındakı tarixi Naro şəhərində həyata keçirilir.
“Bir avroluq evlər həm İtaliya vətəndaşları, həm də xaricilər üçün əlçatandır. Lakin bu evlərin böyük hissəsi təmirə ehtiyacı olan, bəziləri isə ciddi bərpa işləri tələb edən tikililərdir. Buna görə də alıcı evin təmir və yenidənqurma xərclərini özü qarşılamalıdır”, – deyə iqtisadçı bildirib.
Cəfərli vurğulayıb ki, bu cür proqramların əsas məqsədi sürətlə boşalan kənd və kiçik yaşayış məntəqələrinə yeni sakinlər cəlb etməkdir:
“Dünyanın müxtəlif ölkələrində kiçik kəndlər, qəsəbələr sürətlə boşalır, əhali böyük şəhərlərə köçür, aqrar sahədə çalışmaq istəyənlərin sayı azalır. Ona görə də dövlət belə proqramlar qəbul edir, şəhərlərdən kəndə, qəsəbəyə köçənlərə güzəştlər verir, faizsiz kreditlər təklif edir, kommunal xidmətlərə qoşulmaq, bərpa olunan enerji mənbələrinə keçid üçün köməklik göstərir”.
İqtisadçı Azərbaycanda da analoji problemin sürətlə dərinləşdiyini qeyd edib.
“Azərbaycanda da bu proses başlayıb, sürətlə gedir, kəndlər boşalır, əhali, əsasən, Bakıya axır. Bunun səbəbləri çoxdur, bir tək iqtisadi səbəb, maddi vəziyyət deyil. Kəndlərdə, qəsəbələrdə, hətta rayonlarda mədəni həyat, əyləncə yoxdur, bizneslə məşğul olmaq üçün şərait zəifdir, biznes qurmaq üçün dövlət dəstəyi yox dərəcəsindədir”, – Cəfərli yazıb.
Onun fikrincə, şəhərdən kənd və qəsəbələrə köçmək istəyən insanlar üçün xüsusi güzəştlər tətbiq edilməlidir.
“Biz şəhərdən kəndə, qəsəbəyə köçmək istəyən insanları əlimizdə gəzdirməliyik, aqrar sahədə çalışmaq istəyənlərin qulluğunda durmalıyıq, dövlət və cəmiyyət onlara özəl münasibət göstərməlidir. Kəndlərdə yaşayanlar, orada çalışanlar kommunal xidmətlərə şəhərə nisbətən 2 dəfə az ödəniş etməlidir. İstehsal sahəsi yaratmaq istəyənin bütün texniki şərtləri, kommunal xidmətlərə qoşulması pulsuz olmalıdır”, – deyə o bildirib.
Natiq Cəfərli hökumətin uzunmüddətli strategiyaya ehtiyac duyduğunu vurğulayıb:
“Anlayıram ki, bizim hökumət 15 gün öncəni belə düşünmək istəmir, amma biz məcburuq ki, 15-20 il əvvəli düşünək. Bu gün addımlar ataq ki, 15-20 ildən sonra boşalmış kəndlər, rayonlar görməyək, əti, aqrar məhsulları Gürcüstandan, Ermənistandan almağa məcbur qalmayaq”.
İqtisadçı bildirib ki, hazırda ölkə əhalisinin böyük hissəsinin Abşeron yarımadasında cəmləşməsi gələcək üçün ciddi risklər yarada bilər.
“Bu gün ölkə əhalisinin yarısına yaxını Abşeronda yaşayır, belə getsə, 20 ildən sonra bu rəqəm 80 faizə çatacaq”, – deyə Cəfərli qeyd edib.
Elmar
Gununsesi.info











