Azərbaycanda sənədsiz evlərin taleyi yenidən müzakirə olunur: ekspertlər “əmlak amnistiyası” təklif edir

  • Müəllif: Firuzə
  • 02 Sentyabr 2026 09:40

Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi Mətin Eynullayev Azərbaycanda sənədsiz və özbaşına tikilmiş yaşayış evlərinin hüquqi statusu ilə bağlı bildirib ki, belə tikililərə, bir qayda olaraq, mülkiyyət hüququ yaranmır.

Yerli mediaya müsahibəsində Eynullayev deyib ki, son illərdə qəbul edilən qərar və fərmanlar nəticəsində əvvəllər qeydiyyata alınması mümkün olmayan yüz mindən çox fərdi yaşayış evinin sənədləşdirilməsinə hüquqi imkan yaradılıb.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin 13 yanvar 2015-ci il tarixli 439 nömrəli fərmanı Sovet dövründə və müstəqilliyin ilk illərində müxtəlif dövlət qurumları və təşkilatların verdiyi, lakin əvvəllər qeydiyyat üçün hüquqi əsas sayılmayan bir sıra sənədlərin tanınmasına imkan verib.

“Fərmanla onlara hüquqi əsas statusu verildi. Bununla da təxminən son 10 il ərzində ən azı 100 mindən çox fərdi yaşayış evinin qeydiyyatının aparılması mümkün oldu”, – Eynullayev bildirib.

O əlavə edib ki, 2019-cu ildə bəzi çoxmənzilli yaşayış binalarının istismara qəbulunun sadələşdirilməsi ilə bağlı fərmandan sonra da 55 mindən çox mənzil mülkiyyət sənədi ilə təmin edilib.

Eynullayevin sözlərinə görə, 2015-ci ildən indiyədək 439 nömrəli fərmana beş dəfə əlavə və dəyişiklik edilib. Son dəyişiklik isə ötən ilin iyulunda qəbul olunub.

Dövlət Xidmətinin rəisi sənədsiz evləri iki qrupa ayırıb: hüquqi qüvvəsi olmayan sənədlərlə tikilən evlər və ümumiyyətlə heç bir sənədi olmadan özbaşına inşa edilən tikililər.

Onun sözlərinə görə, tikilinin özbaşına hesab olunması üçün üç əsas meyardan ən azı birinin mövcudluğu kifayətdir.

“Birincisi, tikinti üçün nəzərdə tutulmayan torpaq sahəsində tikilmiş tikililərdir. İkincisi, mövcud qanunvericiliyə əsasən lazımi icazələr alınmadan aparılan tikintilərdir. Üçüncüsü isə tikinti norma və qaydaları pozulmaqla inşa edilən tikililərdir. Bu meyarlardan biri varsa, həmin tikinti özbaşına tikinti sayılır”, – Eynullayev deyib.

O bildirib ki, Mülki Məcəllənin 180.1-ci maddəsinə əsasən, özbaşına tikiliyə mülkiyyət hüququ yaranmır.

“Yalnız bir hal istisnadır – torpaq sahəsi şəxsin mülkiyyətində olduqda mülkiyyət hüququnu məhkəmə tanıya bilər. Bu halda da tikintinin digər şəxslərin hüquqlarını və qanuni maraqlarını pozub-pozmadığı, eləcə də təhlükəsizliyi nəzərə alınır. Tikili insan həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, onun hətta məhkəmə yolu ilə rəsmiləşdirilməsi mümkün deyil”, – Dövlət Xidmətinin rəisi bildirib.

Ekspertlər dövlət qurumlarının da məsuliyyət daşıdığını deyirlər

Müstəqil ekspertlər isə sənədsiz evlər probleminə yalnız vətəndaşların məsuliyyəti kontekstində yanaşmağın düzgün olmadığını bildirirlər. Onların fikrincə, belə tikililərin illərlə mövcud olmasına imkan verən və həmin evlərə kommunal xidmət göstərən dövlət qurumlarının məsuliyyəti də nəzərə alınmalıdır.

Hüquqşünas Əkrəm Həsənov Gununsesi.info-ya bildirib ki, Eynullayevin açıqlaması formal hüquqi baxımdan doğrudur, ancaq problemin yalnız bu çərçivədə qiymətləndirilməsini düzgün saymır.

“Məsələyə formal yanaşsaq, bəli, Mətin Eynullayevin dedikləri doğrudur. Amma hər məsələyə formal yanaşmaq da düzgün deyil. Mən illərdir orada yaşayıram, dövlətin kommunal təşkilatları məni tanıyır, mən onlara ödəniş edirəm. Bəzən hətta vergi də ödəyirəm. Dövlət məni artıq dolayısı ilə tanıyır”, – Həsənov deyib.

Onun fikrincə, dövlət uzun illər həmin evlərə elektrik enerjisi, qaz və su veribsə, sakinlərdən ödəniş qəbul edibsə, bu fakt da evlərin hüquqi statusu müəyyənləşdirilərkən nəzərə alınmalıdır.

“Əgər hər hansı kommunal xidmət yoxdur, dövlət deyə bilər ki, bu qanunsuzdur. Məsələnin digər tərəfi təhlükəsizlikdir. İnsanlar illərdir orada yaşayırlar. Əgər bu tikililər qanunsuzdursa, Fövqəladə Hallar Nazirliyi niyə bu işlə məşğul deyil? Əgər təhlükəlidirsə, niyə dövlət illərdir müdaxilə etmir?” – hüquqşünas bildirib.

Həsənov hesab edir ki, kommunal xidmətlərlə təmin edilən və faktiki olaraq dövlət qurumları tərəfindən tanınan evlərə fərqli yanaşılmalıdır.

“Deməli, dövlət bunu faktiki olaraq tanıyıb. Bu halda dövlət indi gəlib deyə bilməz ki, “yox, bu qanunsuzdur””, – o deyib.

Hüquqşünas problemin həlli üçün “əmlak amnistiyası” tətbiq edilməsini təklif edir.

“Dövlət bəyan etməlidir ki, kimdə bu meyarlar varsa, məsələn, kommunal xidmətlərdən istifadə edirsə və dövlət bunu faktiki tanıyırsa, həmin əmlak tanınmalıdır, çıxarış verilməlidir. Sonra isə bəyan edilməlidir ki, bundan sonra kim belə tikili inşa edərsə, məsuliyyətə cəlb olunacaq”, – Həsənov bildirib.

O, qanunsuz tikililərin uzun illər dövlət qurumlarının müdaxiləsi olmadan inşa edilməsinin də ayrıca məsuliyyət məsələsi yaratdığını deyib.

“Əgər qanunsuz tikili tikmək məsuliyyət yaradırsa, niyə bu qədər insan vaxtında məsuliyyətə cəlb edilməyib? Deməli, illərlə bu prosesə göz yumulub”, – Həsənov bildirib.

Natiq Cəfərli: “Bütün məsuliyyət vətəndaşa yüklənə bilməz”

İqtisadçı Natiq Cəfərli də sosial şəbəkə hesabında bildirib ki, sənədsiz evlərlə bağlı problemin məsuliyyətini yalnız vətəndaşların üzərinə qoymaq doğru deyil.

“Hörmətli Mətin müəllim, vətəndaşların məsuliyyətini sadalamısınız, bütün günahı vətəndaşa yükləmisiniz. Yaxşı, ölkədə 500 minə yaxın sənədsiz ev varsa, bunun bütün günahı vətəndaşdadırmı? Bu şəraitin yaranmasına görə hansı dövlət-hökumət qurumları, necə məsuliyyət daşımalıdırlar?” – Cəfərli yazıb.

İqtisadçı da kommunal xidmətlərin göstərilməsi məsələsini qabardıb.

“Əgər sənədsiz evə dövlət şirkətləri sayğac qoyub, illərdir işıq, qaz, su satılıbsa, bu xidmət üçün dövlət şirkəti haqqını alıbsa, bu zaman vətəndaşın mülkiyyət hüququ yaranmırmı? Yaxşı, qanunsuzdursa, niyə kommunal xidmət göstərib pulunu almısınız?” – o bildirib.

Cəfərlinin fikrincə, dövlət qurumlarının illərlə belə tikililərə müdaxilə etməməsi də araşdırılmalıdır.

“Vətəndaş evi tikəndə nəzarət etməli olan orqanlar hara baxıb? Niyə göz yumub? Bu suallara aydın, ədalətli cavablar olmalıdır. Onillərdir yaranmış bu problemdə tək günahkar vətəndaş ola bilməz. Səlahiyyəti olanların məsuliyyəti də olmalıdır”, – iqtisadçı qeyd edib.

O da problemin mümkün həll yollarından biri kimi “əmlak amnistiyası”nı göstərib.

Vüqar Bayramov: “Sənədləşdirmə ilə bağlı konsepsiya hazırlanıb”

Deputat, iqtisadçı Vüqar Bayramov isə bildirib ki, sənədsiz evlər probleminin həlli ilə bağlı konsepsiya hazırlanıb və sənədləşdirmə prosesinin həmin konsepsiyaya uyğun aparılması nəzərdə tutulur.

“Burada söhbət konsepsiyadan və konsepsiyaya uyğun olaraq yeni qaydaların tətbiqindən gedir”, – Bayramov deyib.

Onun sözlərinə görə, mövcud qanunvericilik çıxarışların verilməsi ilə bağlı əsas qaydaları ehtiva edir və yeni mexanizmin tətbiqi ilə sənədləşdirmə prosesinin genişləndirilməsi mümkündür.

“Qanunverici baza praktiki olaraq çıxarışların verilməsi ilə bağlı bütün qaydaları ehtiva edir”, – deputat bildirib.

Bayramovun sözlərinə görə, ilkin mərhələdə 2001-ci ilədək inşa edilmiş evlərin sənədləşdirilməsi gözlənilir və proses 100 mindən çox evi əhatə edə bilər.

“Daha sonra isə mərhələli şəkildə digər evlərə də sənədlərin, çıxarışların verilməsi mümkün olacaq”, – o deyib.

Deputat bildirib ki, son açıqlamalar sənədsiz evlərin qeydiyyatı ilə bağlı prosesin intensivləşdiyini göstərir.

“Konsepsiya təsdiq olunduqdan sonra yaxın zamanda uzun müddətdir müzakirə edilən qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesini müşahidə edə bilərik. Bu da vətəndaşların mülkiyyət hüquqlarının tanınmasına, onların öz əmlakından daha səmərəli istifadə etməsinə imkan yaradacaq”, – Bayramov bildirib.

Gununsesi.info