Azərbaycanda dövlət tibb müəssisələri arasında ilk Yuxu Laboratoriyasının yaradılması ilə bağlı açıqlamadan uzun müddət keçməsinə baxmayaraq, layihənin hazırkı taleyi hələ də qeyri-müəyyən olaraq qalır.
Respublika Klinik Xəstəxanasının direktoru Elviz Qasımov daha əvvəl açıqlamasında dövlət tibb müəssisələri arasında ilk Yuxu Laboratoriyasının məhz Respublika Klinik Xəstəxanasında yaradılacağını bildirmişdi.
Açıqlamada laboratoriyada pasiyentlərin bir gecə ərzində xüsusi otaqda müşahidə altında saxlanılacağı, yuxu zamanı beyin fəaliyyəti, qanda oksigen səviyyəsi, tənəffüs, xoruldama, əzələ tonusu, göz hərəkətləri və ürək fəaliyyəti daxil olmaqla bir sıra fizioloji göstəricilərin monitorinq ediləcəyi qeyd olunmuşdu. Lakin vaxt keçməsinə baxmayaraq, laboratoriyanın fəaliyyətə başlayıb-başlamadığı ilə bağlı konkret məlumat açıqlanmayıb.
Məsələ ilə bağlı TƏBİB-ə sorğu göndərdik.
Qurumdan Gununsesi.info-nun sorğusuna cavab olaraq bildirildi ki, vətəndaşlara müasir standartlara uyğun, keyfiyyətli və əlçatan tibbi xidmətlərin göstərilməsi məqsədilə Respublika Klinik Xəstəxanasının korpuslarında mərhələli şəkildə əsaslı təmir və bərpa işləri aparılır.
“Hazırda mövcud ehtiyaclar, tələblər nəzərə alınmaqla təşəbbüslər dəyərləndirilir və ictimaiyyətə müvafiq olaraq məlumat veriləcəkdir”.
Beləliklə, TƏBİB-in cavabından Yuxu Laboratoriyasının hazırda fəaliyyət göstərdiyi və ya konkret tarixdə istifadəyə veriləcəyi təsdiqlənmir. Qurum laboratoriyanın yaradılması ilə bağlı konkret tarix açıqlamayıb və layihənin hazırda hansı mərhələdə olduğu barədə də ətraflı məlumat verməyib. Bu isə yuxu apnesi, xroniki xoruldama və digər yuxu pozuntularından əziyyət çəkən vətəndaşlar üçün xüsusi əhəmiyyət daşıyan polisomnoqrafiya kimi müayinələrin dövlət tibb müəssisəsində nə vaxt əlçatan olacağı sualını açıq saxlayır.
Vüsal Artyom












