Birinci sinfə elektron qəbul prosesi sabah başa çatır

  • Müəllif: Firuzə
  • 02 Sentyabr 2026 10:44

2026–2027-ci tədris ili üzrə uşaqların ümumi təhsil müəssisələrinin I sinfinə elektron qəbulu prosesi sentyabrın 3-ü saat 18:00-da başa çatacaq.

Gununsesi.info  xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, mayın 6-dan etibarən başlanan proses çərçivəsində bu günədək 124 mindən artıq uşağın birinci sinfə qəbulu uğurla tamamlanıb.

Məktəbəqəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron formada aparılır. İnternetə çıxış imkanı olmayan vətəndaşlar alternativ qeydiyyat mərkəzlərinə, Agentliyin və yerli idarələrin çağrı mərkəzlərinə, eləcə də “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

Məlumatda həmçinin qeyd olunub ki, üzrlü səbəblərdən I sinfə qəbul prosesində gecikən uşaqların elektron qeydiyyatı sentyabr ayı ərzində yenidən aktivləşdiriləcək.

Gununsesi.info