Xatirəsi Bakıda adına olan küçə ilə də yaşadılan, ancaq heç şübhəsiz, xalqına düşmən kəsilən, siyasi, milli satqın olan tarixi simalardan biri də Əliheydər Qarayevdir.
Azərbaycan SSR dövlət xadimi, jurnalist, Gürcüstan Demokratik Respublikası və Azərbaycan Xalq Cümhuriyyəti parlamentlərinin deputatı olan Əliheydər Qarayev, rus işğalçıları Azərbaycana tamah salanda, Cümhuriyyətimizin məhvi istiqamətində addımlar atılanda, o məhz azadlığımıza, müstəqilliyimizə, cümhuriyyətimizə xəyanət edən, bir xalqın qan bahasına qurduğu hakimiyyəti heç neçəyə düşmənə satan, əli azərbaycanlıların, günahsız insanların qanına batan insan olub.
O, o adam idi ki, 11-ci Qırmızı Ordunun Azərbaycana müdaxilə etməsində və Cümhuriyyətin süqutunda birbaşa əli var idi.
Bəli, Əliheydər Qarayev də digər xəyanətkar silahdaşları kimi cümhuriyyətçilərə xəyanət edib və bolşeviklərin tərəfinə keçib.
Məhz bu dönüklüyündən sonra da Rusiya Qarayevin xidmətlərini qiymətləndirib.
Belə ki, Qarayev Bakı Müvəqqəti İnqilab Komitəsinin sədri, Azərbaycan SSR xalq ədliyyə və əmək komissarı, Bakı Soveti İcraiyyə Komitəsinin sədri, Azərbaycan SSR xalq hərbi dəniz işləri komissarı və s. kimi yüksək məqamlara qədər xəyanətləri hesabına qalxa bilib.
Onun necə bir xislətli insan olduğunu bilmək üçün təkcə Məhəmməd Əmin Rəsulzadə ilə olan bu dialoqunu bilmək kifayət edir.
1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Cümhuriyyətini təslim etmək barədə bolşevik deputat Həmid Sultanovun ultimatumu parlamentdə müzakirə olunanda qalmaqal düşür.
Digər bolşevik deputat Əliheydər Qarayev Cümhuriyyətin rəhbəri Məhəmməd Əmin Rəsulzadənin üstünə qışqırır:
– Razılaşmasan, gözlərini çıxartdıraram!
M.Rəsulzadə təəssüflə cavab verir:
– Sən bütün millətin gözlərini çıxartdın!
Ə.Qarayev salona üz tutur:
– Səsini çıxardanı gülləbaran edəcəyəm!
M.Rəsulzadə:
– Sən bir güllə atmadan milləti məhv etdin, Əliheydər, «tovarişlər» səni güllələyəndə məni xatırlayarsan!” (Mənbə: Tarixçi-alim Firdovsiyyə Əhmədova)
Bəli, bu, o Əliheydər Qarayevdir ki, Azərbaycan Xalq Cümhuriyyətini devirmək üçün silahlı üsyan təşkil etmək məqsədilə “operativ qərargah”ı yaratmışdı.
O Əliheydər Qarayev ki, Azərbaycanın bütün şəhər və rayonlarında sovet hakimiyyəti əleyhinə baş verən silahlı üsyanların yatırılması əməliyyatına birbaşa rəhbərlik edirdi.
O Əliheydər Qarayev ki, yazıçıları panislamist türkçü adlandıran, onları həbsə, sürgünə, ölümə göndərirdi.
O Əliheydər Qarayev ki, Mikoyan, Mirzoyan, Serobrovski, Kirovla ən yaxın dost, silahdaş idi.
Əlbəttə, Əliheydər Qarayev də Ayna Sultanova kimi təkbaşına xəyanət etmirdi. Bu işdə ona ailəsi, yəni arvadı Xavər Qarayeva köməklik edirdi.
Xavər Qarayeva ixtisası diş həkimi olsa da, mahiyyətcə və fiziki olaraq da qadınlar arasında təbliğat maşını idi.
Belə ki, 1919-cu ildə onu Sovet İttifaqi Kommunist partiyasına üzv seçirlər və azərbaycanlı qadınlar arasında təbliğat aparmağı tapşırırlar.
Bu tapşırıqları can-başla həyata keçirən Xavər Qarayeva, düz on ildən çox Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsində qadınlar şöbəsində təlimatçı, Azərbaycan Kommunist Partiyasının Bakı Komitəsinin və Mərkəzi Komitəsinin təlimatçısı kimi məsul vəzifələrdə işləyir və çirkin əməllərə davam edir.
Ancaq nə xoş ki, tarix onun da əməllərini cavabsız qoymadı.
Etdiyi xidmətlərə baxmayaraq, 1937-ci il iyunun 1-də Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının ayrıca tələbi ilə Əliheydər Qarayev və onun həyat yoldaşı, həkim Xavər Qarayeva Moskvada “xalq düşmənləri” kimi həbs edilərək Bakıya göndərildilər.
Həbsxana gözətçilərindən birinin uzun illər sonra danışdığına görə, ilk olaraq Əliheydərin əl-qolunu bağlayaraq gözləri qarşısında Xavər Qarayeva dəhşətli işgəncələr verir, təhqiramiz hərəkətlər edirlər.
Sonra da Xavər Qarayevanın gözləri önündə eyni hərəkətləri Əliheydərə qarşı edirlər.
Bunu edənlər isə Əliheydərin bir zamanlar ən yaxın dostları olan S.M.Kirovun, Mikoyanın, Mirzoyanın soydaşları idi.
Hər gün səhər, axşam davam edən bu işgəncələr 1938-ci ilin əvvəllərinə kimi təkrarlanır.
İşgəncələrə dözməyən Əliheydər Qarayev tamamilə ağlını itirir, qeyri-adi hərəkətlər etməyə başlayır.
Sonda Xavər Qarayeva sürgünə, Əliheydər Qarayev isə Moskvaya güllələnməyə göndərilir.
Moskvada da daha dəhşətli işgəncələrə məruz qalan Əliheydəri, 1938-ci ilin 24 aprelində güllələyirlər.
Orxan Saffari
Gununsesi.info












