Siyasi platformalarda və sosial mediada regional münasibətlər tez-tez kəskin ideoloji prizmadan qiymətləndirilir.
Lakin iqtisadi analitika fərqli mənzərəni – rəsmi qərarların, bazar tələbatının və beynəlxalq logistikanın necə uzlaşdığını göstərir.
Yaxın Şərqdə, Ankara-Təl Əviv arasında gərginliyin pik həddə çatdığı dövrdən bəri Türkiyə və İsrail arasındakı iqtisadi münasibətlərin dinamikası buna aydın nümunədir.
Belə ki, iki ölkə arasında ticarət dövriyyəsi uzun illər sabit artım tempi nümayiş etdirib:
2022-ci ildə ikitərəfli ticarət həcmi rekord həddə – 9.5 milyard dollara çatıb.
Müharibənin başladığı 2023-cü ildə isə bu göstərici 7 milyard dollar ətrafında olub (bunun 5.4 milyard dollarını Türkiyənin İsrailə ixracı təşkil edib).
2024-cüilin mayından – siyasi gərginliyin artması fonunda Türkiyə Ticarət Nazirliyi əvvəlcə 54 məhsul qrupuna (xüsusən sement, polad və inşaat materialları) ixrac qadağası tətbiq etdi, may ayında isə İsrail ilə bütün gümrük və ticarət əməliyyatlarının tam dayandırıldığını bəyan etdi.
Müharibənin ilk aylarında İsrailin cənubundakı əkin sahələrində hərbi əməliyyatlar səbəbindən kənd təsərrüfatı istehsalı kəskin azaldı. İsrail Kənd Təsərrüfatı Nazirliyinin və beynəlxalq dənizçilik reyestrlərinin hesabatlarına əsasən, 2023-cü ilin oktyabrından 2024-cü ilin martına qədər olan 5 aylıq dövrdə İsrailin daxili bazardakı ərzaq defisitini örtmək üçün xaricdən idxal etdiyi 131 min ton meyvə-tərəvəzin təxminən 30.7%-i (40,398 ton) Türkiyədən daxil olub. Bu dövrdə Türkiyə İsrailin əsas təzə qida təchizatçısına çevrilib.
2024-cü ilin mayında elan edilən rəsmi ticarət qadağasından sonra tədarük zəncirinin tam kəsilib-kəsilmədiyi mövzusu beynəlxalq iqtisadi qurumların statistikasında əksini tapıb.
Beynəlxalq ticarət bazasının məlumatına görə, 2024-cü ilin yekunlarında Türkiyənin İsrailə ixracat həcmi rəsmi olaraq 1.52 – 1.91 milyard dollar aralığında qeydə alınıb.
İsrailin rəsmi statistika idarəsinin məlumatlarına əsasən, 2025-ci ildə də Türkiyə mənşəli malların İsrail daxili bazarına daxil olması davam edib və ümumi həcm 924 milyon dollar təşkil edib.
Gömrük sistemlərinin rəsmən bağlanmasından sonra ticarət axınının davam etməsi iki əsas iqtisadi-logistik mexanizmlə izah olunur:
Türkiyə Ticarət Nazirliyinin göstəricilərinə görə, 2024-cü ildə Fələstinə ixracat həcmi əvvəlki illərlə müqayisədə 420%-dən çox artaraq 797 milyon dollara çatıb. Hüquqi sənədlərdə alıcı Fələstin şirkətləri göstərilsə də, coğrafi şərait və gümrük infrastrukturu gərəyi gəmilər yükləri İsrailin idarəçiliyində olan Aşdod və Hayfa limanlarına daxil edir.
Bundan başqa, ticarət əməliyyatları Yunanıstan, Kipr və ya digər neytral limanlar vasitəsilə yenidən rəsmiləşdirilir.
Dəniz naviqasiya sistemlərinin (AIS) məlumatlarına əsasən, Panama və ya digər offşor ölkələrin bayrağı altında üzən yük gəmiləri Türkiyənin Nemrut, Mersin və İsgəndərun limanlarından yüklənərək dəniz yolu ilə Hayfa və Aşdod limanlarına hərəkətini davam etdirir.
Ortaya qoyulan bütün bu iqtisadi və logistik göstəricilər regional siyasətdəki diqqətçəkən bir paradoksu ifşa edir. Türkiyədəki müəyyən dindar və radikal siyasi dairələr uzun müddətdir ki, Azərbaycana qarşı təzyiq kampaniyası aparır, Bakını İsrail ilə diplomatik və iqtisadi əlaqələri tam kəsməməkdə, eləcə də Ceyhan üzərindən keçən beynəlxalq tranzit neft boru kəmərinə görə absurd şəkildə “qardaşlığa xəyanət” etməkdə ittiham edirlər.
Lakin eyni dairələr öz ölkələrində rəsmi bəyanatların arxasında cərəyan edən milyardlarla dollarlıq ticarət dövriyyəsinə tamamilə göz yumurlar. Rəsmi olaraq tam embarqo elan edildiyi bir şəraitdə, Fələstin sənədləşməsi və üçüncü ölkələr üzərindən yüz milyonlarla dollarlıq Türkiyə mallarının İsrail limanlarına daxil olması, gəmilərin İzmir və Mersindən qalxaraq Hayfaya lövbər salması fonunda Bakıya qarşı ittiham irəli sürmək ən azı mənəvi və siyasi səmimiyyətsizlikdir.
İqtisadi reallıqlar göstərir ki, qlobal təchizat zəncirləri və özəl sektorun ticarət maraqları siyasi bəyanatlarla müqayisədə daha çevik və praqmatik mexanizmlərlə işləyir. Öz ticarət xətləri fasiləsiz işlədiyi halda, Azərbaycandan “düşmən obrazı” yaratmağa çalışanların bu yanaşması prinsipial mövqeyə deyil, daxili auditoriyaya hesablanmış ikili standartlara dayanır.
Elmar












