Sabiq deputat: Erməni bloqqerlərin Bakıda olması ilə bağlı yazılanlar əsassızdır

  • Müəllif: Firuzə
  • 02 Oktyabr 2026 09:34

Sabiq deputat Etibar Hüseynov Formula yarışlarını izləmək üçün Bakıya gələn erməni bloqqerlər – Olqa Tamazyan və bacısı ilə bağlı sosial şəbəkələrdə yayılan müzakirələrə münasibət bildirib.

Gununsesi.info-nun xəbərinə görə, o, bəzi şəxslərin bloqqerlərin Bakıya səfəri ilə bağlı “şəhidlərimizi nə tez unutduq?”, “niyə belə yaltağıq?” və “bizimkilər Ermənistana buraxılmır, amma onlar rahat gəlir” kimi fikirlər səsləndirdiyini qeyd edib.

Sabiq deputat bu iddiaları əsassız hesab etdiyini bildirib:

“Çünki həmin ermənilər Ermənistan deyil, Rusiyada doğulmuş rus vətəndaşlarıdır. Və onların Qarabağla heç bir bağlantılarının olmaması DTX tərəfindən ciddi şəkildə yoxlanılıb”.

Etibar Hüseynov Azərbaycan vətəndaşlarının da müxtəlif ölkələrin, o cümlədən Rusiya, Türkiyə və Gürcüstanın vətəndaşları olaraq Ermənistana səfər etdiklərini bildirib.

O, soydaşlarımızın Ermənistanda, o cümlədən İrəvanın mərkəzində “Qarabağ” mahnısını qrup şəklində ifa etdiklərini, Göyçə gölü və digər ərazilərdən videolar paylaşdıqlarını qeyd edib.

Sabiq deputat erməni bloqqerlərin Bakıda paytaxtın gözəlliyi və insanların müharibə deyil, sülh tərəfdarı olması barədə hazırladıqları reportajlara da diqqət çəkib.

Onun sözlərinə görə, həmin paylaşımlar erməni cəmiyyətində ciddi reaksiyaya səbəb olub və Tamazyan bacıları “satqın” və “xəyanətkar” adlandırılıblar.

Etibar Hüseynov sosial şəbəkələrdə yayılan bəzi statusların “sifarişlə” yazıldığını iddia edib və bu paylaşımların məqsədinin aydın olduğunu bildirib.

Elmar

Gununsesi.info