Birinci instansiya məhkəmələrində fəaliyyət göstərən hakimlərin 40 faizdən çoxu son illərdə yeni seçilmiş hakimlərdən ibarətdir.
Gununsesi.info-nun xəbərinə görə, bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov APA-ya və Azad Azərbaycan Televiziyasına (ATV) müsahibəsində deyib.
İnam Kərimov bildirib ki, son üç ildə yeni təyin edilmiş hakimlərin sayı 210 nəfərə çatıb.
Onun sözlərinə görə, məhkəmə-hüquq sistemində islahatların əsas istiqamətlərindən biri hakimlərin fəaliyyətinin təkmilləşdirilməsi və hakimlik peşəsinə daha peşəkar, bilikli şəxslərin cəlb edilməsidir.
“Bu məqsədlə hakimlərin seçim prosedurları təkmilləşdirilib, hakimliyə qəbul prosesi 6 mərhələdən 3 mərhələyə endirilib”, – deyə İnam Kərimov qeyd edib.
Məhkəmə-Hüquq Şurasının sədri bildirib ki, 2023-cü ildə Şuranın statusu və strukturu da təkmilləşdirilib, hakim üzvlərin sayı artırılıb və işin daha optimal təşkili istiqamətində dəyişikliklər edilib.
O, həmçinin Hakimlərin Konfransının təsis olunduğunu və burada hakimləri maraqlandıran məsələlərin müzakirə edilərək müvafiq qərarların qəbul edildiyini deyib.
İnam Kərimovun sözlərinə görə, məhkəmə-hüquq islahatlarının digər mühüm istiqamətləri beynəlxalq əməkdaşlığın genişləndirilməsi və məhkəmə sisteminin modernləşdirilməsidir.
O qeyd edib ki, ötən il Bakıda Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclası keçirilib. Tədbirdə 70 ölkədən 300-ə yaxın nümayəndə iştirak edib.
Məhkəmə-Hüquq Şurasının sədri bildirib ki, hazırda texnoloji yeniliklərin məhkəmə sisteminə tətbiqi və rəqəmsallaşma da islahatların əsas istiqamətlərindən biridir.
İnam Kərimov müasir Azərbaycanın məhkəmə sisteminin əsasının 1995-ci ildə qəbul edilmiş Konstitusiya ilə qoyulduğunu, həmin dövrdə üçpilləli məhkəmə sisteminin yaradıldığını bildirib. O, 2019-cu il 3 aprel tarixli “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanın məhkəmə-hüquq islahatlarının yeni mərhələsinə mühüm təkan verdiyini vurğulayıb.












