Putin: "Azərbaycan "Şimal-Cənub" layihəsini perspektivli hesab edir"

  • Müəllif: Firuzə
  • 01 Oktyabr 2026 22:58

“Rusiya “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin həyata keçirilməsi üçün kredit vəsaitləri ayırmağa hazırdır”.

Gununsesi.info xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Valday” Beynəlxalq Diskussiya Klubunun iclasında deyib.

Putin bildirib ki, layihənin marşrutunun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir:

“Diqqətinizi ona yönəltmək istəyirəm ki, marşrutun bir hissəsi Azərbaycan ərazisindən keçməlidir”.

Onun sözlərinə görə, Moskva Azərbaycan Prezidenti İlham Əliyevlə bu məsələ ilə bağlı əlaqə saxlayır və layihənin həyata keçirilməsi ilə bağlı heç bir problem yoxdur:

“Biz Prezident İlham Əliyev ilə əlaqədəyik, heç bir problem yoxdur. Azərbaycan bu layihənin həyata keçirilməsinə razıdır və onu perspektivli hesab edir”.

Rusiya lideri maliyyə dəstəyinin göstərilməsinin əsas logistika infrastrukturunun tikintisi və modernləşdirilməsini sürətləndirməyə imkan verəcəyini vurğulayıb.

Onun sözlərinə görə, multimodal “Şimal-Cənub” marşrutu Avropa, Fars körfəzi ölkələri və Hind okeanını birləşdirən dəniz yoluna alternativ olacaq.

Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Hindistan, İran, Azərbaycan və Rusiya istiqamətində yükdaşımaların inkişafını nəzərdə tutur.

Gununsesi.info