“Müəllimlər Günü” münasibəti ilə şagirdlərin müəllimini təbrik etməsi niyə bu boyda fəlakətə çevrilib?

Xatırlayıram, müəllimlər günündə aramızda toplaşaraq bir hədiyyə alardıq və sinif rəhbərimizi təbrik edərdik. Belə baxanda sinif rəhbərimizin bu kiçik hədiyyəyə ehtiyacı yox idi, amma bu hədiyyə ona bir dünyanı bəxş edərdi. Çünki , ömrünü fəda edərək yetişdirdiyi şagirdləri bu gözəl gündə ona kiçik bir hədiyyə ilə dəyər vermişdi. Bəs nə oldu o gündən bu günə?

Niyə bu gün “Müəllimlər Günü” sensasiyalarla yadda qaldı? Nə dəyişdi? Nazirlik bu gün üçün məktəbdə pul yığılmasını niyə qadağan etdi?

Baxın, bu sualın cavabını elə bir müəllim olaraq özüm demək istəyirəm.

Çünki bəzi müəllimlər həddi aşdı. Şagirdlərdən yüksək hədiyyə tələb etdi. Bəziləri də alınan hədiyyəni kiçik görərək şagirdlərin başına çırpdı. Hətta bəziləri bahalı zinət əşyaları tələb etdi. Bu kimi müəllimlər müqəddəs “Müəllimlər Günü”nə kölgə saldı. Valideyni də, şagirdi də, cəmiyyəti də iyrəndirdi. Halbuki, bu gözəl gündə şagirdin imkanı daxilində müəlliminə bir qələm hədiyyə etməsi, o duyğunu yaşaması nə qədər də dəyərli idi. Çox təəssüflər olsun ki, bəzən içimizdən olanlar bilərək, ya da bilməyərək dəyərlərimizi yox sayacaq addımlar atır. Həm özünü dəyərdən salır, həm də o günün dəyərini əsl yaşayacaq muəllimləri…

Müəllim baş tacıdır, müəllim ikinci valideynlər, müəllim uca bir varlıqdır. Onu gözdən salmağa, etibarsızlaşdırmağa heç kimin ixtiyarı yoxdur.

Düşünürəm ki, könüllülük prinsipi əsasında müəllimə dəyər vermək, onu bu gözəl gündə yad etmək qəbahət sayılmamalıdır. Mən müəllim tanıyıram ki, ona verilən hədiyyəni hələ də öz arxivində sevərək əbədiləşdirib saxlayır. Belə müəllimlərə nəlinki hədiyyə insan ürəyini versə, yenə də azdır.

Mən bu adın sahibi olanlara, öyrətmən dediyimiz öyrədənlərə, xalqı işıqlı gələcəyə aparan çox dəyərli müəllimlərə bir hədiyyə verə bilməsəm də könüldən təşəkkür edirəm…

Əziz müəllimlər, qarşıdan gələn “Müəllimlər Gününüz” mübarək olsun!

 

 

Ramin Nurəliyev

Təhsil eksperti

Gununsesi.info