“Ermənistan cəmiyyətində müşahidə edilən müəyyən tendensiyalar bizi də narahat edir. Revanşist qüvvələr hələ də cəmiyyətdə kifayət qədər güclüdür”.
Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda keçirilən Mərkəzi Asiya, Monqolustan, Qafqaz və Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışında deyib.
O qeyd edib ki, daha bir narahatedici məqam revanşizmin Ermənistan gəncləri arasında da yaşamasıdır: “Çünki seçkidə Robert Köçəryan və Samvel Karapetyanın əsas elektoratını və seçici bazasını Ermənistanın gəncləri təşkil edirdi.
Təəssüf ki, onlar hələ də revanşizm prizmasından düşünürlər. Bu, narahatedici haldır. Buna görə də Ermənistan hökumətini öz xalqını sülhə hazırlamaq üçün çox ciddi çalışmağa çağırırıq.
Azərbaycan tərəfdən isə sülh gündəliyini davam etdirmək, onu yerdə möhkəmləndirmək və sülh konsepsiyasına əsaslanan elə bir regional arxitektura qurmaq istiqamətində strateji qətiyyətimiz var ki, bu, Ermənistan və Azərbaycan xalqları üçün uzunmüddətli sülh və sabitliyi təmin edə bilsin.
Buna görə də biz həmişə deyirik ki, bu sülhü yalnız Paşinyan hökuməti, Baş nazir Paşinyanla bağlamaq istəmirik. Biz bu sülhü Ermənistan xalqı ilə bağlamaq istəyirik”.
Hikmət Hacıyev əlavə edib ki, Azərbaycan hələ də Ermənistan Konstitusiyasının dəyişdirilməsini gözləyir: “Əlbəttə, bu, daxili məsələdir və biz həmin prosesə müdaxilə etməkdən tamamilə çəkinirik. Lakin yenə də biz diplomatik və ya hüquqi boşluqda hərəkət etmirik. Bunun yaxşı nümunəsi var: “Yaxşı Cümə” sazişi İrlandiya Respublikasının Şimali İrlandiya ilə bağlı Konstitusiyasının dəyişdirilməsini nəzərdə tuturdu.
Eyni zamanda, Paris Sülh Xartiyasından sonra Polşa ilə Almaniya arasında da belə bir inkişaf baş verib. Yəni beynəlxalq presedentlər mövcuddur”.
Azərbaycan Prezidentinin köməkçisi vurğulayıb ki, Ermənistan xalqı Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını öz yekun qərarı ilə təsdiqləməlidir.
“Mənim nəslim sülhsüzlük və münaqişədən çox əziyyət çəkib, çünki biz işğal şəraitində yaşamışıq. Əvvəlki belə toplantıların birində mənə deyilmişdi ki, məsələn, ərazisinin bir hissəsi işğal altında olan ölkənin diplomatı və ya vətəndaşı olmaq kifayət qədər böyük yükdür.
Biz bu missiyanı ağır bir yük altında daşıdıq. İndi bu məsələ həll olunub və biz Azərbaycanın, eləcə də Ermənistanın gələcək nəsillərinin münaqişədən əziyyət çəkməsini istəmirik.
Biz bilirik ki, sülh gündəliyinin çoxlu sayda pozucu amilləri, potensial pozucu qüvvələri var. Buna görə də konstitusiya çərçivəsi dəyişdirilərkən Ermənistan xalqının Azərbaycana qarşı heç bir ərazi iddiasının olmadığını öz yekun qərarı ilə təsdiqləməsini görmək istəyirik”, – deyə o əlavə edib.










