“Valideynlərin uşaqlara vaxt ayırması onların düzgün böyüməsi və inkişafı üçün çox vacibdir. Xüsusilə aqressiv davranış göstərən uşaqlara valideynlər daha çox diqqət yetirməlidirlər”.
Bunu Gununsesi.info-ya açıqlamasında psixoloq Sevinc Həbibova deyib:
“Uşağın aqressiv davranışının arxasında hansı səbəbin dayandığını anlamağa çalışmaq lazımdır. Valideyn uşağın fikirləri, hissləri və gündəlik yaşantıları ilə maraqlanmalıdır. Onun hansı çətinliklərlə üzləşdiyini və nələrdən narahat olduğunu öyrənmək vacibdir. Uşaq valideyninin onu mühakimə etmədən dinləyəcəyinə əmin olmalıdır. Bunun üçün ailədə səmimi və rahat söhbət mühiti yaradılmalıdır. Valideyn uşağa öz fikirlərini sərbəst ifadə etmək imkanı verməlidir. Uşaq yaşadığı sıxıntıları ailəsi ilə bölüşə bildikdə özünü daha güvənli hiss edir.
Əks halda o, problemlərini valideynindən gizlədib başqa insanlarla bölüşməyə üstünlük verə bilər. Bu zaman uşağın qarşılaşdığı məsələyə düzgün yanaşmayan şəxslərin təsiri altına düşməsi mümkündür. Valideyn uşağın dostları, maraqları və onu narahat edən məsələlər barədə də məlumatlı olmalıdır. Uşağa vaxt ayırmaq yalnız onunla eyni məkanda olmaq deyil, onu dinləmək və anlamaq deməkdir. Ailədə diqqət və qarşılıqlı inam olduqda uşağın problemlərini vaxtında üzə çıxarmaq daha asan olur. Buna görə valideynlər uşaqları ilə mütəmadi ünsiyyət saxlamalı və onların yanında olduqlarını hiss etdirməlidirlər”.
Günay












