Ermənistan İranla dostluq münasibətlərini qoruyub saxlamaq niyyətindədir, lakin ölkənin özünə qarşı sanksiyaların tətbiqinə səbəb ola biləcək addım atmağa hazır deyil.
Gununsesi.info xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-ın Tehrana qarşı yeni sanksiyalarını şərh edərkən deyib.
“Biz sanksiyalar paketini araşdırırıq. Bütün tərəfdaşlarımızla münasibətlərimizdə tam şəffafıq. Xüsusilə bizə dost olan ölkələrlə münasibətlərin belə olaraq qalması üçün əlimizdən gələni edəcəyik. Lakin keçə bilməyəcəyimiz bir hədd var – Ermənistanın özünün sanksiyalara məruz qalması riski. Əgər İrəvana qarşı məhdudiyyətlərin tətbiq olunması ilə bağlı real təhlükə yaranarsa, Ermənistan hakimiyyəti müvafiq qərar qəbul etməli olacaq”, – o bildirib.
Qeyd edək ki, ABŞ-ın İranın aviasiya sektoruna qarşı yeni sanksiyaları sentyabrın 23-də qüvvəyə minib. Vaşinqton xəbərdarlıq edib ki, İran aviaşirkətlərinə xidmət göstərən hava limanları və şirkətlər məhdudiyyətlərlə üzləşə və ABŞ dolları sistemindən çıxarılma riski ilə üzləşə bilər.










