Azərbaycanda qadın hərbçilərin xidmətə qəbulu zamanı ilkin müqavilə müddətinin 3 ildən 6 aya endirilməsi orduya uyğunlaşma baxımından sınaq müddəti kimi qiymətləndirilə bilər.
Gununsesi.info xəbər verir ki, hərbi ekspert qadınlar üçün tətbiq edilən yeni müddətin onların hərbi xidmətə uyğunlaşmasına və gələcəkdə daha uzunmüddətli müqavilə bağlamasına imkan yaradacağını bildirib.

Hərbi ekspert Ədalət Vəliyev bildirib ki, qadınlar 6 aylıq sınaq xidmətinin dövründə hərbi xidmətin bütün sahələri ilə tanış olurlar. Bu müddətdə fəaliyyətlərini davam etdirə biləcəklərinə əmin olduqdan sonra növbəti müqavilələri imzalayaraq xidmət müddətini artıra bilərlər.
“Azərbaycanda qadın hərbçilərin xidmətə qəbulu zamanı ilkin müqavilə şərtlərinin 3 ildən 6 aya endirilməsinə ilk növbədə qadın hərbçilər üçün ordu mühitinə uyğunlaşmaq məqsədilə sınaq müddəti kimi baxıla bilər. Yəni 6 ay xidmət edən qadın hərbçi mövcud şəraitə uyğunlaşdıqdan sonra artıq daha uzun müddətə, yəni 3 il müddətinə müqavilə əldə edə bilər” – deyə ekspert qeyd edib.
Onun sözlərinə görə, bu yanaşma kişilər üçün tətbiq edilmir. Çünki müddətdən artıq hərbi xidmətə qəbul edilən hərbi qulluqçular artıq hərbi xidmətdə olublar və hərbi xidmətin mahiyyətini bilirlər. Buna görə də onların ayrıca belə bir adaptasiya müddətinə ehtiyacı yoxdur.
Ekspert bildirib ki, əvvəlki qaydada qadınlar birbaşa 3 illik müqavilə imzalayırdılar. Lakin xidmət zamanı müəyyən məhdudiyyətlər səbəbindən müqaviləni vaxtından əvvəl dayandırmaq məcburiyyətində qalanlar olurdu və bu da kadr axınına səbəb olurdu.
“İndi isə 6 aylıq müddət həm kadr axınını azaldacaq, həm də qadınların hərbi xidmətinin təşkilini daha səmərəli şəkildə həyata keçirməyə imkan verəcək” – deyə ekspert vurğulayıb.
Firuzə Mahmudova
Gununsesi.info











