Azərbaycanda hakimlərin sayının qısa müddət ərzində 800 nəfərə çatdırılması nəzərdə tutulur.
Bunu Ali Məhkəmənin və Məhkəmə-Hüquq Şurasının sədri İnam Kərimov APA-ya və Azad Azərbaycan Televiziyasına (ATV) müsahibəsində deyib.
Gununsesi.info xəbər verir ki, onun sözlərinə görə, hazırda Azərbaycanda 116 məhkəmədə 700-ə yaxın hakim fəaliyyət göstərir. Son üç ildə hakimlərin sayı 560-dan 700-ə çatdırılıb.
İnam Kərimov bildirib ki, 2022–2025-ci illərdə məhkəmələrin icraatında olan işlərin sayı təxminən 494 mindən 640 minə yüksəlib. Bu isə təqribən 30 faizlik artım deməkdir.
Bununla yanaşı, birinci instansiya məhkəmələrinin qərarlarından verilən şikayətlərin payı 2022-ci ildəki 11 faizdən 2025-ci ildə təxminən 8 faizə enib. Apellyasiya məhkəmələrinin qərarlarından verilən şikayətlərin göstəricisi isə eyni dövrdə 31 faizdən 28 faizə düşüb.
“Göründüyü kimi, iş yükünün artmasına baxmayaraq, məhkəmələr onun öhdəsindən lazımınca gəlirlər”, – deyə İnam Kərimov qeyd edib.
Məhkəmə-Hüquq Şurasının sədri iş yükünün idarə edilməsində “Elektron məhkəmə” informasiya sisteminin genişləndirilməsinin, sənəd dövriyyəsinin və müraciətlərin qəbulunun təkmilləşdirilməsinin mühüm rol oynadığını bildirib.
O, həmçinin məhkəmə aparatı işçilərinin sayının və peşəkarlığının artırılmasının, eləcə də Məhkəmə-Hüquq Şurasının monitorinqlərinin bu istiqamətdə əhəmiyyətli olduğunu vurğulayıb.
İnam Kərimov qeyd edib ki, Azərbaycanda hər 100 min nəfərə təxminən 7 hakim düşür.
Avropada bu göstərici orta hesabla 21, Türkiyədə 19, İtaliya, Fransa və İspaniyada 11–12, Gürcüstanda isə 10 hakim təşkil edir.
“Biz Azərbaycanda hakimlərin sayını qısa müddət ərzində nəzərdə tutulmuş ştat sayına – 800 nəfərə çatdırmaq niyyətindəyik”, – deyə Ali Məhkəmənin sədri bildirib.
Onun sözlərinə görə, məqsəd yalnız hakimlərin sayını artırmaq deyil. Müasir kommunikasiya imkanlarından və elektronlaşmadan istifadə etməklə məhkəmə sistemində insan əməyinə olan ehtiyacın da optimallaşdırılması nəzərdə tutulur.
Elmar












