Sosioloq: “Erkən evlilik” anlayışı hüquqi mübarizə üçün yeni imkanlar yaradır

  • Müəllif: Firuzə
  • 02 Oktyabr 2026 13:40

Nazirlər Kabinetinin “erkən nikah” ifadəsini “erkən evlilik” anlayışı ilə əvəz etməsi erkən evlilik hallarının qarşısının alınması istiqamətində əlavə hüquqi və maarifləndirici imkanlar yaradır.

Gununsesi.info xəbər verir ki, bunu sosioloq Üzeyir Şəfiyev Nazirlər Kabinetinin 30 sentyabr 2026-cı il tarixli qərarının erkən evliliklərlə mübarizəyə təsiri barədə danışarkən bildirib.

Onun sözlərinə görə, əvvəlki “erkən nikah” anlayışı nikah rəsmiləşdirilmədən ailə münasibətlərinin qurulması və dini kəbin əsasında yaranan münasibətləri tam əhatə etmirdi. Yeni “erkən evlilik” anlayışı isə bu halları da özündə ehtiva edir.

Sosioloq qeyd edib ki, bu dəyişiklik erkən evlilik hallarının həm hüquqi, həm də sosial və maarifləndirici müstəvidə qarşısının alınması üçün imkanları genişləndirir.

O bildirib ki, qanunvericilikdə erkən evliliyə cəlbetmə ilə bağlı da məsuliyyət nəzərdə tutulur. Cinayət Məcəlləsinin 176.1-ci maddəsinə əsasən, bu əməllə bağlı azadlıqdan məhrumetmə və cərimə şəklində cəza tətbiq oluna bilər.

Sosioloqun sözlərinə görə, yetkinlik yaşına çatmayan şəxslə rəsmi nikah olmadan dini kəbin bağlayan dini xadim də inzibati məsuliyyət daşıya bilər. Eyni zamanda, uşağın erkən evliliyə cəlb edilməsində iştirak edən digər şəxslər, o cümlədən valideynlər də qanunvericilikdə nəzərdə tutulan məsuliyyətlə üzləşə bilərlər.

O əlavə edib ki, 16 yaşına çatmayan şəxslə cinsi münasibət qurulması halında isə Cinayət Məcəlləsinin 152-ci maddəsi ilə məsuliyyət məsələsi yarana bilər.

Sosioloq hesab edir ki, Nazirlər Kabinetinin son qərarı erkən evlilik anlayışını daha geniş məzmunda müəyyənləşdirir və bu hallarla mübarizənin hüquqi və sosial maarifləndirmə istiqamətlərində gücləndirilməsi baxımından əhəmiyyətlidir.

Firuzə Mahmudova 

Gununsesi.info