Elektrik skuterləri şəhəriçi hərəkəti asanlaşdıran rahat nəqliyyat vasitəsi olsa da, sürətlə genişlənən bu tendensiya həm piyadalar, həm də sürücülər üçün ciddi təhlükəsizlik problemləri yaradır.
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Gununsesi.info-ya açıqlama verib.
Ekspert bildirib ki, skuterlər mikromobillik baxımından böyük üstünlüklərə malikdir:
“Skuter ən rahat nəqliyyat vasitələrindən biridir. Onun idarə edilməsi üçün sürücülük vəsiqəsi və ya xüsusi qoruyucu vasitələr tələb olunmur. Ancaq skuter istifadəçiləri müəyyən yol hərəkəti qaydalarına mütləq riayət etməlidirlər. Məsələn, işıqforun tələblərinə əməl olunmalı, dönmə manevrləri zamanı piyadalara diqqət yetirilməli və yolun sağ tərəfi ilə hərəkət edilməlidir. İstifadəçilər qaydalara riayət edərsə, dünya təcrübəsində olduğu kimi, bizdə də skuterlər mikromobillikdə mühüm rol oynayar. Hətta əhali üçün skuterlər velosiped və digər nəqliyyat vasitələrindən daha rahatdır.”
Skuterlərin səkilərdə piyadalara yaratdığı maneələrə toxunan Y.Mustafayev səkilərin yalnız piyadalar üçün nəzərdə tutulduğunu vurğulayıb:
“Səkidə piyada ilə skuter istifadəçisi arasındakı ən təhlükəli fərq sürətdir. Piyada səkidə saatda 3-5 km sürətlə hərəkət etdiyi halda, skuterin sürəti 25, bəzi hallarda isə 50 km/saata çatır. Onların toqquşması kəllə-beyin travmalarına, ciddi xəsarətlərə və böyük fəsadlara səbəb ola bilər.”
Nəqliyyat eksperti son olaraq qeyd edib ki, səkilərdə velosiped və skuter sürmək qadağandır. Xüsusi velosiped zolaqlarının olmadığı yerlərdə piyadaların hərəkətinə mane olmamaq üçün bu nəqliyyat vasitələrindən istifadə edilməməlidir. (Modern.az)







