Vətəndaş Ramin Xəlilov İrşad şirkətindən narazılığını bildirib.
Gununsesi.info xəbər verir ki, Ramin Xəlilovun sözlərinə görə, o, İrşad şirkətindən 1500 manat dəyərində Xiaomi markalı mobil telefon alıb. Telefon istifadənin 10-cu ayında işlədiyi vaxt qəfil sönüb və bundan sonra bir daha açılmayıb.
Şikayətçi telefonun zavod qüsuru olduğunu düşündüyünü və məhsulun zəmanət çərçivəsində təmir edilməsini və ya yenisi ilə əvəz olunmasını tələb etdiyini bildirir.
Onun sözlərinə görə, telefon sentyabrın 11-də Xətai metrosunun arxasında yerləşən İrşadın rəsmi mağaza və servis mərkəzinə təqdim edilib. Müştəriyə telefonun 14 gün ərzində yoxlanılacağı bildirilib.
Lakin Ramin Xəlilovun iddiasına görə, artıq 21 gün keçməsinə baxmayaraq, telefonun vəziyyəti və servis nəticəsi barədə ona konkret məlumat verilməyib.
“Dəfələrlə zəng edirəm, deyirlər ki, telefon Xiaomi-nin rəsmi servisindədir, məlumatımız yoxdur. Operatorlar müraciəti qeydə alırlar, lakin sonradan mənimlə əlaqə saxlayan olmur. Bir sözlə, müştərini yola verirlər və heç kim məsələyə ciddi yanaşmır”, – deyə şikayətçi bildirib.
Ramin Xəlilov problemin həll olunmasını və istehlakçı kimi hüquqlarının təmin edilməsini tələb edir.
Məsələ ilə bağlı qarşı tərəfdən hələlik bir mövqe yoxdur.
Elmar










