Bakıda, Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayı keçirilir.
Azərbaycan Prezidenti, YAP Sədri İlham Əliyev qurultayda çıxışı zamanı Heydər Əliyevin Azərbaycanda olmadığı dövrdə Qarabağda separatizm meyllərinin güclənməsinə diqqət çəkib.
Dövlət başçısı bildirib:
“Əgər Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verə bilməzdi ki, Azərbaycan xalqının başına bu oyunlar açılsın, heç vaxt imkan verməzdi ki, separatizm meylləri Qarabağda yer alsın”.
Prezident qeyd edib ki, Azərbaycan xalqı bütün bunları yaxşı bilərək öz nicat yolunu Heydər Əliyevlə bağlayırdı.
Gununsesi.info-nun xəbərinə görə, politoloq Turan Rzayev hesab edir ki, Prezidentin bu fikirləri təsadüfi deyil.
Onun sözlərinə görə, xüsusilə 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən siyasi proseslərlə Qarabağda separatizmin güclənməsi arasında paralel aparmaq mümkündür.
“1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Azərbaycanda mərkəzi hakimiyyət zəifləmiş, siyasi idarəçilik böhranı yaranmışdı. Eyni dövrdə Qarabağda separatizm prosesi getdikcə güclənirdi. Prezident İlham Əliyev bu tarixi mənzərədə Heydər Əliyevin Azərbaycanda olmamasını mühüm siyasi amil kimi təqdim edir. ‘Heydər Əliyev o vaxt Azərbaycanda olsaydı, heç vaxt imkan verməzdi’ ifadəsi də yalnız konkret bir şəxsin yoxluğu ilə bağlı deyil. Burada söhbət, eyni zamanda, güclü siyasi iradə və effektiv dövlət idarəçiliyindən gedir”, – politoloq bildirib.
Turan Rzayev qeyd edib ki, həmin dövrdə Azərbaycanda siyasi iradə və mərkəzləşdirilmiş idarəçilik daha güclü olsaydı, separatizm prosesinin bu miqyasda inkişaf etməsinin qarşısının alınması mümkün ola bilərdi.
“Bu baxımdan Prezidentin çıxışında Heydər Əliyevin rolunun xüsusi vurğulanması onun Azərbaycan tarixindəki siyasi irsinin təqdimatı baxımından da əhəmiyyətlidir”, – deyə politoloq əlavə edib.
Orxan









