
2016-cı ildə mənfəət neftinin və qazın satışından əldə edilən gəlirlər üzrə Azərbaycan Dövlət Neft Fondunun büdcəsinə 8 320,0 milyon manat vəsait daxil olub.
Gununsesi.info bunu Dövlət Neft Fondunun 2016-ci ilə dair hesabatına istinadən bildirir.
Hesabata görə, Azərbaycanda dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə (HPBS) uyğun olaraq 2016-cı ildə mənfəət neftinin və qazın satışı üzrə daxilolmaların 98,3%-i Azəri-Çıraq-Günəşli (AÇG) və Şahdəniz yataqlarından hasil edilmiş mənfəət neftinin və qazın satışından daxil olub. Belə ki, AÇG yatağı üzrə hesabat ili ərzində 5 100,23 milyon ABŞ dolları, Şahdəniz yatağından hasil edilmiş mənfəət qazının satışından təqribən 63,98 milyon ABŞ dolları və digər yataqlar üzrə isə 24,9 milyon ABŞ dolları həcmində vəsait əldə edilib.
Qeyd edilir ki, qaz satışından əldə olunan məbləğə SOCAR tərəfindən “Şahdəniz” Faza 1 layihəsi çərçivəsində ARDNŞ (Azərbaycan dövləti) və alıcılar arasında qazın alqı-satqısı üzrə bağlanmış sazişlər üzrə müvafiq illik qaz həcmlərindən artıq olan hissəsinə görə ödənilən vəsait (135 milyon ABŞ dolları) daxil edilməyib.
Vüsalə Rüstəmova
Gununsesi.info












