
”Bu gün universitetlərdə “startap” layihələrin həyata keçirilməsi sahibkarlıq ruhlu gənclərin innovasiya sahəsinə cəlb edilməsinə, biznes potensialının artmasına xidmət edir”.
Gununsesi.info xəbər verir ki, təhsil naziri Mikayıl Cabbarova görə, belə layihələrin həyata keçirilməsi universal modelə yaxınlaşmaqda, ali məktəblərin əlavə maliyyə imkanları əldə etməsində müəyyən rol oynaya bilər.
Nazir qeyd edib ki, yalnız şüarlarla və dəvətlərlə iş adamlarını, dövlət şirkətlərini, biznesmenləri tələbələrlə bu sahədə birgə işlərə cəlb etmək mümkün deyil: “Onların vətənpərvərlik hissi, təhsilli gənclərə vermək istədikləri töhfə yardımçı faktorlardır. Uğurlu olmaq üçün təhsil sistemində növbəti addım ataraq innovasiya, “startap” layihələri həyata keçirilməlidir. Bununla da ölkə iqtisadiyyatı müasir çağırışlara uyğunlaşdırılmalıdır. Bunun da yolu biliklərin kommersiyalaşdırılması sahəsindən asılıdır. Ali təhsil, geniş mənada təhsil sahəsində yolun başlanğıcındayıq. Biz bu sahədə və istiqamətdə vahid milli platformadan çıxış etməliyik. İş adamları, maliyyə mənbələri təqdim edən tərəflərlə müzakirələr bu sahəni daha məhsuldar edə bilər”.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri Rövşən Ağayev deyir ki, nazirin sözləri qulağa yaxşı gələn cəlbedici fikirlərdir: “Amma gərək bu cür fikirlər bəzi suallara cavab verərək, arxasında rəqəmlər və faktlar göstərilməklə səsləndirilsin. Məsələn, əsas sullardan biri budur: “universitetlərimiz innovativ olmağa çalışırlar” nə deməkdir, konkret hansı çalışmalar və bu çalışmaların hansı ilkin nəticələri var? İnnovativ olmaq üçün həm də innovasiyalara böyük resurslar xərcləmək lazımdır. Azərbaycanda hər il “elmi-tədqiqat” maddəsi altında xərclənən 70-75 mln. dolların ən yaxşı halda 7-8 mln. dolları universitetlərin payına düşür. Bazasında nəhəng kadr və maliyyə resursları dayanmayan universitetlər innovativ ola bilməz. Bu gün inkişaf etmiş ölkələrdə inkişaf və araşdırma (R&D) xərclərinin ÜDM-də payı 3-4% təşkil edir ki, bu xərclərin də ayrı-ayrı ölkələrdə orta hesabla 15-20%-i universitetlər vasitəsilə xərclənir. Azərbaycanda bütün sektorlar üzrə R&D xərclərinin ÜDM-də payı 0.2%-dirsə və bunun da ən yaxşı halda onda biri universitetlərin hesabınadırsa, mənzərə tamamən aydın olur”.
R.Ağayevin sözlərinə görə, universitetlərin kommersiyalaşması üçün ilk növbədə onların elə məhsulları olmalıdır ki, iqtisadiyat üçün bunun dəyəri olsun, universitetlərin aldığı patentlərin sayı sürətlə artsın, iqtisadiyyatın işi bu məhsullarsız keçməsin – o zaman universitetlərin fəaliyyəti avtomatik kommersiyalaşcaq.
Beynəlxalq təcrübədən bu məsələ ilə bağlı bəzi maraqlı nümunələrə baxanda durumumuzu və səslənən bəyantların nə dərəcədə reallığı əks etdirdiyini daha aydın görmək olur. ABŞ dünyada elmi-tədqiqata ən nəhəng vəsait yatıran ölkədir – dünya üzrə bütün xərclərin təxminən 27%-i bu ölkənin payına düşür. 520 mlrd. dollara yaxın elmi-tədqiqat xərclərinin təxminən 15%-i (75 mlrd. USD) məhz universitetlərin hesabına təmin edilir. Amma ABŞ-da bu vəziyyətin yaranmasının səbəbi bəyanatlar olmayıb – bünövrəsində ciddi institusional dəyişiklər dayanan mexanizmlərin qurulması olub. 1980-ci ildə ölkədə Bayh-Dole Aktı qəbul edilib və bu sənədə görə universitetlərə öz fəaliyyətlərini kommersiyalaşdırmağa imkan verən şirkətlər qurmaq üçün geniş fürsətlər yaradılıb. Sənədin qəbulundan keçən qısa müddət ərzində ABŞ universitetlərinin nəzdində 250 min nəfərədək kontingentin çalışdığı 2000-dən artıq kompaniya fəaliyyətə başladı. Bayh-Dole Aktının qəbuluna qədər bütün universitetlərin il ərzində qeydiyyata aldırdıqları patentlərin məcmu illik sayı 250-ni ötmürdüsə, 1982-c ildə bu rəqəm 1500-ə yüksəldi, hazırda 5000 ətrafındadı. Yaxud 80-ci illərin sonlarında bütün ABŞ universitetlərinin lisenziya gəlirləri 70-80 mln. dolları ötmürdüsə, indi 2 mlrd. dollara yaxınlaşır. Məhz Bayh-Dole aktı universitetlərin innovativ fəalliyyənin kommersiyalaşdırılmasını instititusionallaşdırdı. Bizdə bəyanatları nəzərə almasaq, bu məqsədlə hansı real addım atılıb? “
Onun fikrincə, universitetlərin siyasi ideologiya mərkəzlərinə çevrildiyi, inzibati və maliyyə muxtariyyəti almadığı, tələbə və müəllimlərin akademik azadlıqlardan məhrum edildiyi şəraitdə orda tədris bəlkə də olar, amma elm və innovasiya mütləq olmayacaq.
Vüsalə RÜSTƏMOVA
Gununsesi.info











