
“Qarabağ” futbol komandasının UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində ilk oyununda Bakıda Danimarkanın “Kopenhagen” klubu üzərindəki möhtəşəm qələbəsi təkcə futbol azerkeşlərinin deyil, eyni zamanda bütün Azərbaycan xalqına sevincli və keyfli anlar bəxş etdi. Xüsusən də Mahir Mədətovun vurduğu qolu izləmək və onun keyfini yaşamaq bir ayrı ləzzət idi. Mütləq əksəriyyət bu qələbəni hətta yaxın gələcəkdə işğal altında olan torpaqlarımızın azad olunmasının bir işartısı kimi də qəbul etdi. Əlbəttə bu qələbələr bizləri daha böyük qələbələrə ruhlandırdı və Allahdan arzu edək ki, qələbələrimiz davamlı olsun. Və bu yolda əzmkarlığımızı əsirgəməyək.
Qələbə nə qədər xoş bir yaşantı idisə, ancaq futbolu izləmək üçün T.Bəhramov adına stadiona girişdə yaranan mənzərə də bunun tam əksi olaraq bir o qədər ürəkbulandırıcı idi. Futbolu izləməyə gələnlərə stadiona özləri ilə su dolu qablar aparılmasına qoyulan qadağa nəticəsində girişdə yaranan mənzərəni ən yumşaq ifadə ilə ürəkbulandırıcı və dəhşətli bir mənzərə adlandırmaq olardı. Baxmayaraq ki, əksər azarkeşlər stadiona su dolu qabların buraxılmadığını bilsələr də, yenə də özləri ilə su gətirmələri anlaşılan deyildi. Çünki bundan öncəki oyunda polis və stadion rəhbərliyi azarkeşləri xəbərdar edərək stadiona su dolu qablar buraxmamışdı. Və UEFA-nın qaydalarına uyğun olaraq bu qadağandır. Yəni UEFA qaydalarına əsasən stadiona kənar cisimlərin atılan zaman klub cərimələnir. Artıq belə bir fakt olub. Belə ki, “Ştrum” komandasının oyunu zamanı su dolu butulkanın atılması nəticəsində yerli futbol klubu 8 min avro həcmində cərimələnib. Belə hal təkrarlandıqda isə komanda ev oyunlarından məhrum edilir. Odur ki, UEFA futbolçuların hər hansı cisimlərlə futbolçuları zədələməsin deyə, stadiona su dolu butulkaları buraxmağı yasaq edib.
Qeyd etmək lazımdır ki, avqustun 15-də T.Bəhramov adına stadionda keçirilən “Qarabağ”- “Kopenhagen” komandasının oyunu da UEFA Çempionlar Liqasının play-off mərhələsi çərçivəsində keçirilən oyunda da hər hansı xoşagəlməz halların qarşısının alınması baxımından görülən proflaktik tədbirləri təqdir etmək olar. Çünki Azərbaycanda belə oyunlar az keçirilib və belə oyunlar futbolda bir stimul olacağına əminəm. Hesab edirəm ki, gələcəkdə digər futbol komandalarımız da belə mötəbər yarışlarda iştirak edə biləcəklər. Amma bununla yanaşı, bir azarkeş mədəniyyətinin formalaşmasına, qaydalara riayət etməsinə ciddi ehtiyac var. Avqustun 15-də baş verən o ürəkbulandırıcı mənzərə isə hələ bizdə azarkeş mədəniyyətinin tam formalaşmadığını göstərdi.

Adam özünə belə bir sual verir ki, axı, niyə belə bir ürəkbulandırıcı mənzərə yarandı? Öz-özümə sual edirəm ki, doğrudanmı biz bu cür ürəkbulandırıcı mənzərəyə layiqik? Doğurdanmı bu qədər qaydaları ayaq altına atan xalqıq? Doğrudanmı bu qədər səviyyəsiz olduq ki, küçəni qısa bir zamanda zibilxanaya çevirdik. Axı, bu mənzərəni təkcə azərbaycanlı tamaşaçı deyil, eyni zamanda digər ölkələrin də nümayənədləri müşahidə edirdi. Budurmu özümüzə qoyduğumuz qiymət və dəyər? Bu düçüncələrlə dolu suallar səni alıb uzaqlara lap uzaqlar aparır və səni içindən gəmirir. Görəsən niyə? Axı, niyə? Bu qədərmi səviyəsizik?! Bax dünənki mənzərə adamda ancaq bu təəssüratı yaradırdı. Başqa heç nə yox. Bax bu üzücü mənzərə adamın qələbə dolu sevincli anlarını və halını turşməzə edir, kefinə “soğan doğrayırdı”. Və o qələbə sevincindən əsər-əlamət qalmayırdı. Hələ stadiondan çıxan bəzi insanların üzündəki mimikalar, qəzəb, ironiya dolu baxışları və səsləndirdiyi fikirləri dilə gətirmirəm. Sanki bu hərəkətləri bunlar etməmişdi. Hələ bir polisi və stadion rəhbərliyini də qınayırdılar. Axı burada polisin nə günahı var? O sadəcə ona verilən əmri və qaydaya uyğun hərəkət edərək, stadiona su dolu qabın buraxılmamasına icazə vermirdi. Deyirdi, ya burada iç, ya da olmaz…
Məhz bu məqamda, son günlər sosial şəbəkələrdə ərəb və iranlı turstlərin ünvanına səslənən yeli-yersiz, dedi-qodu, səviyyəsiz, mənasız fikirlər yadıma düşdü. Bir anlıq mən də ərəb turistlər haqqında səslənən fikirlər, bu mənzərəni yaradanlar haqqında düşünməyə başladım. Düşündüm ki, görəsən biz nə zaman qaydalara riayət edən cəmiyyət və ya toplum kimi formalaşacağıq. Odur ki, avqustun 15-də o qələbə dolu sevincli anlara “soğan doğrayan” hal haqqında aşağıdakı məqmalara toxunmaq istəyirəm. Birincisi, bu mənzərənin yaranmasında günahkar elə azarkeşin özüdür. Onlar istəsəydi belə eybəcər mənzərənin yaranmasına imkan verməzdilər.

İkincisi, aidiyyatı dövlət qurmları və təşkilatçıların maarifləndirmə işinin vaxtında aparmaması idi. Ən azından təşkilatçılar və aidiyyatı qurumlar havanın isti olmasını nəzərə alaraq buna hazır olmalı idilər. Azarkeşlər stadiona yaxınlaşdıqca onları mikrofonlar vasitəsi ilə uyarmalı idilər. Yaxud ərazidə qutular, zibil qabları qoyulmalı idi ki, insanlar su qabını ora atsınlar. Bu bir daha təşkilatçıların təşkilatı işləri zəif görməsinin göstəricisi idi.
Bütün bunlardan nəticə çıxararaq demək istəyirəm ki, yaranmış vəziyyətin təkrarlanmaması üçün mötəbər yarışlar, tədbirlər öncəsi maarifləndirməyə ciddi ehtiyac var. Bundan əlavə, mediada, xüsusən də sosial şəbəkələrdə bu maarifləndirmə işləri, qaydalara riayətlə bağlı təbliğat aparılsa yaxşı olar. Hesab edirəm ki, bu təbliğat az da olsa öz müsbət nəticəsini verər. Heç olmasa aidiyyatı qurumlar bunu etmirsə, özümüz edək. Axı bu ölkə, cəmiyyət bizə məxsusdur. Onun haqqında səslənən mənfi fikirlər hamımıza aiddir. Kimsə özünü kənara çəkə bilməz.
Mürtəza
Gununsesi.info












