“Pul aclığı” siyasəti davam edərsə, bu, emal sənayesini sıradan çıxaracaq - MİLLƏT VƏKİLİ

  • Müəllif: admin
  • 08 Sentyabr 2017 15:18

 

21443076_1294074124048747_631683522_n

Son 6-7 ay ərzində manatın digər valyutalara nisbətdə məzənnəsində elə də ciddi dəyişikliyin olmamasına baxmayaraq, ölkəyə idxal olunan məhsulların qiymətində artım mühaşidə olunmaqdadır. Demək olar ki, 2017-ci il ərzində müəyyən ərzaq və digər məhsulların qiymətində artım müşahidə olunub. Bu isə istər–istəməz manatın gələcək taleyini risk altında qoyur və bu da öz növbəsində, iş adamlarında, istehlakçıda çox ciddi narahatlığa yol açır.

Digər əsas məqam isə iş adamları hansısa işi görmək və ya maliyyə əməliyyatı keçirən zaman banklardakı şəxsi vəsaitlərindən istifadə etməkdə üzləşdikləri problemlərdir. Belə ki, banklar iş adamlarına və fiziki şəxslərə pullarını verməməklə yanaşı, köçürmələrdə də ciddi problemlər yaradır.

Odur ki, Gununsesi.info olaraq ölkə iqtisadiyyatında yaranmış durumu, manatın gələcək taleyi, iş adamlarının, ölkə iqtisadiyyatının üzləşəcəyi problemlər və vəziyyətdən çıxış yolları barədə məsələyə Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Əli Məsimli ilə söhbətdə aydınlıq gətirməyə çalışdıq.

Beləliklə, Gununsesi.info millət vəkili Əli Məsimlinin manatın gələcək taleyi, sərt pul-kredit siyasətinin ölkə iqtisadiyyatına təsirləri ilə bağlı mövqeyini oxuculara təqdim edir.

– Əli bəy, hazırda hamını narahat edən əsas suallardan biri manatın gələcək taleyi ilə bağlıdır. Manatın səviyyəsini süni surətdə nə qədər saxlamaq mümükün olacaq?

– Manatın məzənnəsinə çox amil təsir edir. Neftin qiymətinin qalxıb-enməsinin ölkənin tədiyyə balansına təsiri vasitəsilə manata olan təzyiqi, ölkədən kapital axınının sürəti və həcmi, daha çox ticarət etdiyimiz ölkələrin milli valyutasındakı meyllər, valyuta ehtiyatları sarıdan vəziyyət, maliyyə və bank sektorunun problem və çətinlikləri, Mərkəzi Bankın və ümumiyyətlə, bank sisteminin davranışları, psixoloji amillər, spekulyativ amillər və sair. Neftin qiymətinin 57 dollardan 50 dolların altına endikdən sonra son vaxtlar yenidən 55 dollar ətrafına qalxması,hazırda neftin qiymətinin nisbi sabitliyi, kapital axını sahəsində nəzərəçarpan dəyişikliklərin olmaması manatın xeyrinədir. Sərt pul-kredit siyasətinin “manat aclığı” variantı manatın məzənnəsinin bir qədər sabit saxlanılmasına imkan verir. Mərkəzi Bankın yürütdüyü sərt monetar siyasət nəticəsində yaradılan “manat aclığı” və neftin müəyyən qədər bahalaşmasının təsiri ilə tədiyyə balansında yaranan müsbət meyllər hesabına manat 2017-ci ilin fevralından başlayaraq yenidən bir qədər nominal dəyər qazanıb və 1 dollar 1,7 manat ətrafında qərarlaşıb. Əgər manat tam üzən məzənnə rejiminində fəaliyyət göstərsəydi və milli valyutamızın məzənnəsi onun bazar dəyəri ətrafında nisbi sabitlik nümayiş etdirsəydi, həmçinin manatın məzənnəsinə təsir edən bütün fundamental amillərin durumu valyutamızın xeyrinə işləyib sabitliyini şərtləndirsəydi, onda manatın sabitləşməsini müsbət dəyərləndirmək olardı. Lakin hələlik manata birbaşa və dolayı yolla təsir edən daxili və xarici amillərin bir hissəsi dayanıqlı şəkildə manatın xeyrinə işləmir. Bu baxımdan manat ətrafındakı risklər hələ qalmaqdadır. Ona görə də iqtisadi qanunauyğunluqların məntiqindən çıxış edib demək olar ki, bu il fevralın əvvəllərindən başalayaraq dollara nisbətdə manatın məzənnəsinin artmasının səbəbləri aydın olsa da, bunun fundamental iqtisadi əsasları yoxdur. Manatın bu ilə və yaxın illərdəki məzənnəsinə dair müxtəlif proqnozlar verilir. Bir proqnoza görə, manat möhkəmlənib və hələ bir müddət də indiki 1 dollar = 1,7 manat ətrafında qalacaq. Başqa proqnoza görə, bu il sözügedən həmin nisbətdə sabit qalsa da, növbəti illərdə orta hesabla 10 qəpik uzuzlaşa-ucuzlaşa 2019-cu ilə 2 manata çatacaq. Başqa bir proqnoza görə isə manat/dollar nisbəti aşağısı 2,2 manat, yuxarısı 2,8 manat səviyyəsində olacaq. Manat, sözün həqiqi mənasında “üzən məzənnə”yə keçmədiyindən və hazırda onun məzənnəsi real kursa uyğun olmadığından belə şəraitdə məzənnəni dəqiq proqnozlaşdırmaq mümkünsüzdür. Və bu deyilənlərin də hamısı ciddi artumentlərə əsaslanan dəqiq proqnoz yox, tendensiyalara əsaslnan mülahizələrdir. 2015-ci ilin 21 dekabr tarixli ikinci şok devalvasiyasından sonra Mərkəzi Bank “üzən məzənnə”yə keçdiyi barədə bəyanat versə də, hələlik beynəlxalq təcrübədən bildiyimiz “üzən məzənnə” rejiminə tam keçid təmin edilməyib. Təbii ki, “üzən məzənnə”yə keçmək yaxşıdır. Amma bu keçid bazar iqtisadiyyatının fundamental prinsiplərinə əsaslanmalıdır. Yəni bazarda valyutaya olan tələb-təklif əsasında proses gedir və buna əsasən milli valyutanın – manatın məzənnəsi formalaşır. Bir müddət Mərkəzi Bank manatın dollara nisbətdə məzənnəsinin bazar kursuna uyğunlaşdırılması və 1 dollar=2 manat nisbətinə hədəfləndirilməsi xətti götürüldü, amma artıq 6 aydan çoxdur ki,manatın möhkımləndirilməsi xətti yeridilir. Aidiyyatı qurumlar buna aydınlıq gətirmirlər ki, manatın kursunun süni surətdə sabit saxlanılması nə məqsəd daşıyır?….

Manatın məzənnəsinin 1 dollar=1,7 manat nisbətinə hədəfləndirilməsi hazırkı şəraitdə manatın, haqqında çox danışılan, real bazar kursudurmu? Xeyr. Manatın kursunu sabit saxlamaqla inflyasiyanı səngitmək məqsədinə nail olmaq istəyirlər? Əgər belədirsə, onda məqsədə nail olunmayıb. Çünki ötən ilin yanvar-iyul aylarında özündən əvvəliki ilin müvafiq dövrü ilə müqayisədə inflyasiya 10 faiz idisə, bu ilin müvafiq dövründə 14 faizə qalxıb. Ərzaq məhsullarının qiymət artımı isə daha çox-rəsmən elan olunanı götürsək, azı 17 faizdir. Manat tam üzən məzənnə rejiminə keçmədiyindən, bu il dollara nisbətdə manatın məzənnəsini konkret rəqəmlə ifadə olunan dəqiq proqnozunu vermək çətindi. Amma onu demək olar ki, manatın kəskin ucuzlaşması gözlənilmir. Konkret rəqəm isə 1,70-2,00 manat arasında olmaqla Mərkəzi Bankın şəraitə uyğun davranışlarından asılı olacaq. Hazırda tətbiq olunan üsullarla Mərkəzi Bank bu ilin sonuna qədər dollara nisbətdə manatın nominal mübadilə kursunu indiki kimi 1,7 manat ətrafında da saxalaya, turist sezonunun əsas aylarından sonra isə bir qədər dəyişib məzənnənəni 1,80-1,90 manat arasına gətirə bilər. Manatın dollara nisbətdə məzənnəsinin 2 manat ətrafına çatması isə situasiyanın diqtəsi ilə ola bilər. Fikrimizcə, hazırkı reallıqlar şəraritində manatın ən perspektivli məzənnəsi Mərkəzi Bankın hər gün elan etdiyi USD/AZN rəsmi məzənnəsi yox, perspektivdə tam üzən məzənnə şəraitində formalaşacaq və fundamental iqtisadi amillər əsasında ortaya çıxacaq iqtisadi əsası olan dayanıqlı və təminatlı məzənnə olacaq. Bir sıra hesablamaların nəticələrinə görə, ötən il manatın dollara nisbətdə real bazar məzənnəsi 1,9 manatdan yüksək olmaqla 2 manatın altında idi. Bu il üçün də həmin məzənnəni əhalinin təlaşını azaltmaq və biznesin gözləntilərinə aydınlıq gətirməkdən ötrü 1,70-2,00 manat diapozonda yerləşməsini məqbul saymaq olar. Tam sərbəst üzən məzənnə şəraitində manatın həmin diapozondan bir qədər aşağı və bir qədər yuxarı bazar dəyərini məqbul saymaq olar.

– Belə olan halda vəziyyətdən çıxışın optimal yolunu necə görürsüz?

– Manatın məzənnəsinin süni surətdə sabitləşdirib, bunu artıq manat sabitdir kimi interpretasiya etmək bizi yenidən 2015-ci ilin devalvasiyalarına bənzər vəziyyətə apara bilər. Manatın tədricən özünə gəlib dayanıqlığının təmin olunasının ciddi islahatlara və zamana ehtiyacı var. Mərkəzi Bankla Maliyyə nazirliyi sərt maliyyə-pul-kredit siyasəti həyat keçirir. Dövriyyədəki pul kütləsini azaltmaqla “pul aclığı” yaradılır. Amma hökumət onun da fərqində olmalıdır ki, sərt maliyyə-pul-kredit siyasətinin tətbiq müddətindən ən uzağı ilyarım keçdikdən sonra onun məqsədlərinə nail olunmayıbsa, belə siyasət əks effekt verib iqtisadiyyatın digər sahələrinə, xüsusən də qeyri-neft istehsal sahələrinə çox mənfi təsir göstərməyə başlayır. Bu baxımdan həyata keçirilən sərt maliyyə-kredit və pul siyasətində ifrata varıldığından və bütün məqbul zaman həddləri keçildiyindən, ötən əsrin 90-cı illərində BVF-in postsovet məkanı ölkələrinə təklif etdiyi “şok terapiyası” siyasətinin 2017-ci ildə də davam etdirilməsi və böhranın ağırlıqlarının çox hissəsi əhalinin üstünə atılması nəticəsində “terapiyasız şok” mahiyyəti daşımağa başaladığından, artıq bundan sonra davam etdirilməsinin yeri olmayan, lüzumsuz, mənasız, ziyanlı və riskli bir variantına çevrilib. Əgər inflyasiyanın səngitməkdən ötrü “pul aclığı” yaratmaq üsulu ilə milli valyutanın məzənnəsini süni surətdə saxlamaq variantı davam etdirilsə,  Azərbaycanda dairəsi genişlənən iqtisadi fəallıqdan və qeyri-neft sektorunun normal inkişafından danışmağa dəyməz…

Hazırkı məzənnə siyasəti şəraitində bank və maliyyə spekulyasiyaları yüksək bank faizləri istehsalı maliyyələşdirməyə imkan vermir. Həddindən artıq yüksək olan faiz dərəcələri şəraitində onsuz da resessiyadan əziyyət çəkən iqtisadiyyatımızı əlavə olaraq “pul aclığı” ilə də imtahana çəkilir. Bu siyasət davam etsə həm mövcud, həm də qurulmağa başlanan emal sənayesinin xeyli hissəsini sıradan sıxaracaq. Ona görə də nə qədər ki, gec deyil, sərt pul kredit siyasətinin ifrata varma variantından optimal variantına keçmək lazımdır ki, qeyri-neft sektorunun inkişfına yönəlmiş mütərəqqi təşəbbüslər elə rüşeymindəcə boğulub sıradan çıxmasın. Ona görə də iqtisadi siyasət elə qurulmalıdır ki, bu qədər çoxmilyardlı xərclərin müqabilində ölkə daxilində heç olmasa ildə əlavə olaraq 1 milyard dollarlıq idxalı əvəz edən məhsul istehsalı artımına nail olaq. Həm də qeyri neft sektorunun eksport potensialı əlavə olaraq 1 milyard dollarlıq artıra bilək. Bu olamyacaqsa, Neft Fondundan manatın nisbi sabitliyinin təmin olunmasına yönəlik həmin 4 milyard dollar son illər manatın nisbi sabitliyini qorumaq üçün sərf olunan və manatın bazar qiymətinə çatmasına nail olunmadan xərclənən on milyardlarla dollarların taleyinə bənzər formada boşuna sərf olunacaq. Onu da nəzərəalmq lazımdır ki, artıq neft-qaz sektorundan əvvəlki qədər böyük neft dollarları gözləmək illüziyadır. Hazırkı resessiya vəziyyətindən sürətli inkişaf mərhələsinə keçidin, manatın dayanıqlı məzənnəsinin təmin olunmasına nə vaxt başlaması və deməli Azərbaycanın gələcəyi xeyli dərəcədə islahatlardan, onun sürətindən və keyfiyyətindən, komplekslik və davamlılıq dərəcəsindən asılıdır. Bu baxımdan 3 istiqamətdə islahatların genişləndirilməsi və dərinləşdirilməsini daha zəruri hesab edirik:

  1. Manatın dayanıqlığını etibarlı şəkildə təmin etməkdən ötrü, yerli istehsalın yerli tələbatı ödəmə və xarici valyuta qazanma imkanlarndan dolğun və səmərəli istifadə edilməsi. Qeyri-neft sektorunun inkişafının kəmiyyət, keyfiyyət və səmərəlilik göstəricilərinin yaxşılaşdırılması, rəqabət qabliyyətinin yüksəldilməsi, idxalı əvəz edən və ixrac yönlü məhsul istehsalının artırılması hesabına həm idxalı əvəz edib valyuta ehtiyatlarımıza qənaət edilməsi və həm də ixracı artırıb əlavə valyuta qazanılması işinin əhəmiyyətinin artırılması sahəsindəki işlərin sürətləndirilməsi;
  2. Maliyyə sisteminin yeni çağırışlara cavab baxımından sağlam və innovativ əsaslar üzərində yenidən qurulması. Milli valyutanın-manatın dayanıqlığının təmin və ona inamın bərpa edilməsi, qeyri neft sektorunda istehsalı stimullaşdıra bilən maliyyə-bank sisteminin yaradılması; 3.Böhranın bütün ağırlığını əhalinin üzərunə atmaq praktikasından sosial proseslərin səmərəli tənzimlənməsi yolu ilə əhalinin aztəminatlı təbəqəsinin güzəranının pisləşməsinin qarşısının alınmasının etibarlı mexanizmi yaradılmalıdır.

Söhbətləşdi Mürtəza Bünyadlı

Gununsesi.info