Ölkə başçısı Abşeron Olimpiya Kompleksinin açılış mərasimində iştirak edib

  • Müəllif: admin
  • 16 Noyabr 2017 10:08

Azərbaycan prezidenti İlham Əliyev Abşeron Olimpiya Kompleksinin açılış mərasimində iştirak edib.

Gununsesi.info xəbər verir ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Abşeron Olimpiya Kompleksinin rəsmi açılış törənində iştirak edib.

Açılış mərasiminin rəmzi lenti kəsildikdən sonra ölkə başçısına Olimpiya Kompleksi və görülən işlər barəsində məlumat verilib. Bildirilib ki, təməli 2012-ci ildə qoyulan Olimpiya kompleksi müasir dövrün tələblərinə və standartlarına uyğun şəkildə tikilib. Kompleks 5 hissədən ibarətdir. Burada istər beynəlxalq, istər digər mötəbər idman yarışlarının, kütləvi tədbirlərin keçirilməsi üçün bütün şərait yaradılıb. Olimpiya kompleksində idman yarışlarının və təlimlərin keçirilməsi məqsədi ilə qapalı və açıq meydanları mövcuddur.

Ölkə başçısına bildirilib ki, 5 hissədən ibarət Olimpiya Kompleksinin;

-A blokunun 1-ci mərtəbəsi 19 x 45,5 m ölçüdə 1000 tamaşaçı-yerlik universal idman zalı, ağır atletika zalı, idmançılar üçün soyunub geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, məşqçi otaqları, idman avadanlıqları otağından, 2-ci mərtəbəsi trenajor zalı (fitness klub), boks zalı, komentator otaqları, həkim otağı, məşqçi otağı, mühafizə otağı, idmançılar üçün soyunub geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları, invertar və texniki otaqlardan ibarətdir.

-B bloku (2 mərtəbəli giriş hissə) 1-ci mərtəbəsi foye, qarderob, 50 nəfərlik kafe, qeydiyyat otağı və mühafizə otağından, 2-ci mərtəbə isə oyunları geniş ekranda izləmə hissəsi və eyvandan ibarətdir.

-C blokunun zirzəmi mərtəbəsi tir, silah otağı, tədris otağı, gözləmə otağı, operator otağı, istirahət otağı, sauna, masaj otağı, duş otağı və texniki otaqlardan, 1-ci mərtəbə 2 döşəkli, 300 tamaşaçı-yerlik güləş zalı, idmançılar üçün soyunub geyinmə otaqları, sanitar qovşaqlar, duş otaqları və inventar otağından, 2-ci mərtəbə məşqçilər otağı və şahmat klubundan ibarətdir.

-D blokunun zirzəmi hissəsində texniki otaqlar yerləşdirilib. 1-ci mərtəbəsi üzgüçülük hovuzu (ölçüsü 25 x 12,5 metr olan) və 200 tamaşaçı-yerlik tutumu olan üzgüçülük zalından ibarətdir. Eyni zamanda bu blokun 1-ci mərtəbəsinin digər hissəsində kafenin mətbəxi, anbarı yerləşdirilmişdir. 2-ci mərtəbəsi isə administrasiya otağından ibarətdir.

-E bloku 3 mərtəbəli 38 çarpayı-yerlik mehmanxanadan ibarətdir. Mehmanxananın zirzəmi hissəsində çamaşırxana, ütü otağı, texniki otaqlar, soyuducu kameralardan və meyvə-tərəvəz anbarları nəzərdə tutulub. 1-ci mərtəbədə foye, qeydiyyat otağı, restoran, administrativ otaqlar, server otağı, yuxarı mərtəbələrdə isə yataq otaqları inşa edilib.

Baş plana əsasən həmçinin 2000 tamaşaçı-yerlik futbol stadionu, mini futbol, basketbol, voleybol meydançası, tennis kortu, skeyt parkı, açıq meydançalar üçün soyunub geyinmə binası, qazanxana, yerüstü avtomobil dayanacağı, transformator yarımstansiyası, içməli və yanğına qarşı su anbarları və gözətçi otaqları tikilib.

Daha sonra ölkə başçısı Olmipiya Kompleksində  görülən işlərlə yaxından tanış olub və öz tövsiyələrini verib.

Qeyd edək ki, Abşeron Olimpiya İdman Kompleksi prezidentin 2011-ci il 27 may tarixli Sərəncamı əsasında Gənclər və İdman Nazirliyinin sifarişi ilə inşa edilir. Tikinti üçün Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən Xırdalan şəhəri ərazisində, Bakı-Quba avtomobil yolunun 17-ci kilometrliyində 5 hektar torpaq sahəsi ayrılıb.

Layihə-smeta sənədləri “L & N” memarlıq-dizayn şirkəti tərəfindən hazırlanıb. Tikinti-quraşdırma işləri “İnşaatçı” MMC tərəfindən yerinə yetirilib.

Mürtəza

Gununsesi.info