
Prezident İlham Əliyev aprelin 9-da Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında turizm sektorundakı nöqsanlar barədə ciddi etirazını dilə gətirərək kəskin tənqidi fikirlər səsləndirib. Prezident ölkəyə gələn turistlərin sərhəd-keçid məntəqlərində necə incidildiyini dilə gətirib. Ölkə başçısının turizm sahəsindəki çatışmazlıqlarla bağlı dediklərinə millət vəkillərinin mövqeyini öyrəndik.
Millət vəkili Fazil Mustafa Gununsesi.info-ya açıqlamasında turizm sahəsindəki ən ciddi problemin monopolistlər tərəfindən yaradıldığını bildirib.
“Əgər biz həqiqətən də turizm sahəsində ciddi inkişafa nail olmaq istəyiriksə, o zaman bu sahədə mövcud olan monopoliya aradan qaldırılmalıdır. Digər sahələrdə olduğu kimi turizm sektorunda da monopoliya hökm sürəcəksə və bu aradan qaldırılmayacaqsa, onda turizm sektorunda ciddi inkişaf mümkün olmayacaq. Çünki monopolistlərin istər otel, istər ölkəyə giriş-çıxış, istərsə də nəqliyyat və digər sahələrə təsir imkanları genişdir. Turizm elə bir sahədir ki, burada bütün yükü 4-5 nəfər üzərinə götürüb həll edə bilməz”,- deyə millət vəkili vurğulayıb.
Deputat hesab edir ki, turizm sektorunun inkişafında bütün ölkə əhalisi iştirak etməlidir: “Bu olmazsa, ümumilikdə turizmin inkişafından danışmağa dəyməz. Ölkəyə gələn turistlərin heç də hamısı imkanlı şəxslər deyil. Axı imkanı zəif olan şəxs də Azərbaycana gəlmək istəyir. Həmin şəxs bahalı oteldə deyil, ona münasib olan ucuz hosteldə və ya evlərdə qalmaq arzusundadır. Bunlara da şərait yaratmaq, bu məsələdə bütün amilləri nəzərə almaq lazımdır. İmkanlı şəxslə yanaşı, imkansız şəxsin də istirahəti üçün bütün imkanlar yaradılmalıdır. Ona görə də hamıya imkan yaradılmalıdır ki, prosesdə hamı itirak edə bilsin. Bax, monopolistlər bunu əngəlləyir. Problemin kökündə qaynaqlanan məsələ budur”.
Xidmət sektorundakı çatışmazlıqlardan danışan F.Mustafa deyib ki, burada digər məqam isə xidmətlə bağlı olan məsələdir.
“Xidmətin səviyyəsinin, keyfiyyətinin yaxşılaşdırılması vacibdir. Xidmət səviyyəsi yüksək olarsa, ölkəyə turist axını olacaq. Xidmət sahəsində və turistlərə yaradılan digər maneələr aradan qaldırılmazsa, o zaman turizmin inkişafı mümkün olmaycaq”,- deyə F.Mustafa vurğulayıb.
F.Mustafa hesab edir ki, bütün bunlarla bağlı geniş maarifləndirmə işləri aparılmalıdır: “Biz ölkəni neft asılılığından xilas etmək istəyirksə, o zaman turizmin inkişafına nail olmalıyıq. Bu prosesdə hamımız iştirak etməliyik. Yəni burada iş təkcə aeroport, dəmiryolu, sərhədlə bitmir, bu kompleks tədbirlərin həyata keçirilməsini tələb edir. O baxımdan ölkə başçısının bu sahə ilə bağlı səsləndirdiyi tənqidi ifadələr də yerində olan iraddır ki, həmin iradlar da aradan qaldırılmalıdır”.
Deputat Tahir Rzayev isə bildirib ki, son illərdə Azərbaycanda turizmin inkişafı üçün çox işlər görülüb, infrastruktur yaradılıb.
“Bunun nəticəsidir ki, son illərdə ölkəyə turstlərin gəlişində ciddi artım hiss olunmaqdadır. Lakin bununla belə turizm sahəsində hələ də çatışmazlıqlar mövcuddur və ölkə başçısı da Nazirlər Kabinetinin iclasında bu çatışmazlıqları haqlı olaraq dilə gətirib”- deyə, deputat vurğulayıb.
T.Rzayev hesab edir ki, Azərbaycanda turizmin uğurla inkişafı üçün daha ciddi işlər görmək lazımdır: “Ölkədə turizmin növləri təsnifatlaşdırılmalı və reklamı həyata keçirilməlidir. Turistlərə Azərbaycanda turizmin çoxçeşidli olması barədə geniş bilgi verilməlidir ki, daha çox turist cəlb etmək mümkün olsun. Çünki Azərbaycanda yay, qış, dağ, eko, tibbi, tarixi və digər turizm sahələri üçün böyük potensial var və bundan yararlanmaq lazımdır. Əgər bu sahədə işlər düzgün qurularsa, o zaman turizm Azərbaycanın bir neçə regionunu deyil, bütün respublikanı əhatə edəcək. Lakin bu sahədə rekalam zəif olduğundan və iş düzgün qurulmadığından ölkəyə gələn turistlər daha mənalı istirahət edə bilmir. Baxmayaraq ki, Azərbaycanın çox gözəl tarixi, dağ, yay, ekstremal, eko turizm üçün böyük potensial var. Amma biz bunu turistlərin diqqətinə çatdıra bilmirik. Bu sahədə işlər düzgün qurularsa, ölkəyə turistlərin axını daha çox olar. Bu istiqamətdəki çatışmazlıqları ölkəyə gələn turistlərin sayına da öz mənfi təsirini göstərir.
Burada digər məqam isə xidmətlə bağlı olan məsələdir. Turistlərin qarşılanması, onların yerləşdirilməsi, onlarla yüksək keyfiyyətli, mədəni xidmət göstərilməsi də vacib məsələlərdir. Bu məsələlərdə öz həllini tapmalıdır və çatışmazlqlar aradan qaldırılmalıdır”.
O əlavə edib ki, bu gün Azərbaycandan xeyli insan Gürcüstana turist kimi istirahətə gedir. “Lakin Azərbaycan təbiəti ondan geniş və gözəldir. Səbəb isə bu sahədəki çatışmazlıqlar, reklam işinin düzgün qurulmaması və xidmətinin yüksək səviyyədə olmamasıdır. Problem olduğundan ölkə baççısı da bu sahədə olan nöqsanları hər dəfə dilə gətirir və çatışmazlıqların aradan qaldırılmasını tələb edir. Hesab edirəm ki, bu çatışmazlıqlar qısa zamanda aradan qaldırılmalıdır”,- deyə deputat bildirib.
Mürtəza
Gununsesi.info












