
İşə düzəltmək, həbsdən buraxdırmaq, əcnəbi məhkumları öz ölkələrinə ekstradisiya etdirmək üçün müxtəlif adamlardan pul alıb, onları aldatmaqda ittiham olunan MTN polkovniki Vüqar Güləliyə aprelin 13-də hökm oxunub.
Gununsesi.info xəbər verir ki, MTN polkovniki 8 il azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.
Bu işdə təqsirləndirilən daha dörd nəfərin – Ceyhun İbayev, Vüqar Əsədov, Anar İsmayılov və Nicat Əliyevin hər birinə 6 il 6 ay cəza verilib. Bu şəxslərdən istintaq və məhkəmə dövründə ancaq N.Əliyev həbsdə idi. Digər üç nəfər bu gün hökm oxunandan sonra məhkəmə zalında həbs edilib.
V.Güləli 2015-ci ilin sonunda MTN ləğv olunmamışdan az öncə təqaüdə çıxıb. V.Əsədov isə Penitensiar Xidmətin əməkdaşı olub.
İttihama görə, V.Güləli və digərləri Səriyyə Tahirova adlı qadından həyat yoldaşı Rafiq Tahirovu həbsdən buraxdırmaqdan ötrü 89 min 800 manat pul alıblar. Qaçaqmalçılıq yolu ilə ölkəyə narkotik gətirməyə görə MTN əməkdaşlarının həbs etdiyi R.Tahirova məhkəmə 6 il cəza verib.
Təqsirləndirilən şəxslərin, həmçinin, zərərçəkmişlər Elçin Orucov və Əkbər Orucovun hər birindən onların oğlunu polis orqanlarında işə düzəltmək adı ilə 8 min manat almaqda ittiham edilir. Bundan başqa, onların Aybala Namazov adlı zərərçəkmişdən 35 min manat aldığı bildirilir.
İttihama görə, onlar Namazova deyiblər ki, iranlı məhkumların öz ölkəsinə ekstradisiya edilməsi üçün pul lazımdır, nəticədə 1 milyon dollar pul qazana bilərlər və qazancdan ona da pay verərlər. Ədalət Əsgərov adlı daha bir zərərçəkmişdən isə 115 min alınıb.
Gülər
Gununsesi.info












