Prezident İlham Əliyevin Naxçıvana səfərinin pərdəarxasına baxanda tamamilə fərqli bir geoiqtisadi mənzərə yaranır.
Hər kəs Zəngəzur dəhlizinin siyasi tərəfini müzakirə edərkən, sakitcə başqa bir xətt işə salınır: TRIPP və Mərkəzi Asiyanın “yaşıl enerji” layihəsi. Bu gün Gürcüstan üzərindən keçən əsas yük və tranzit axınlarının Naxçıvana yönəlməsi sadəcə Ermənistana mesaj deyil, regional ticarət marşrutlarının xəritəsini yenidən cızmaq cəhdidir.
Diqqət edin, Naxçıvanda təməli qoyulan Sənaye Parkı və istifadəyə verilən günəş stansiyaları (“Şəms 1”, “Qərbi Üfüq”) təsadüfi seçilməyib. Naxçıvan uzun illər sıxılıb qaldığı “mühasirə” psixologiyasından çıxarılıb Türkiyə, İran və Ermənistan sərhədində 200 milyonluq bazara xidmət edəcək logistik habına çevrilmək istəyir. İlkin hədəf Mərkəzi Asiyadan Avropaya 15 milyon tonluq yükü məhz bu nöqtədən keçirməkdir.
Bəs bu, daxildə nəyi dəyişir?
Mərkəzdən asılı olan və illərlə yalnız dövlət büdcəsinin dotasiyası ilə yaşayan bir bölgənin transmilli tranzit gəlirlərinə keçməsi, mahiyyət etibarilə, oradakı idarəetmə modelini də dəyişməyə məcbur edir. Çünki xarici investor və beynəlxalq logistika operatorları köhnə inzibati qaydalarla işləmir.
Yəni məsələ sadəcə “yeni yol çəkildi” mövzusu deyil. Naxçıvan Avrasiya ticarətinin ortasında real pul qazanan mərkəzə çevriləcək. Bu böyük layihələrin yükünü daşıya bilmək üçün genişmiqyaslı addımlar atılmalıdır. Hadisələrin gedişatı göstərir ki, artıq birinci mərhələyə yaxşı start verilib…
Elçin Rüstəmli












