
Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Mingəçevir İES-dəki qəza və Elmar Vəliyevə sui-qəsdlə bağlı hadisəyə bəzi sosial şəbəkə istifadəçilərinin yanaşmasını tənqid edib.
Gununsesi.info Əli Həsənovun qeydlərini təqdim edir:
Yaxşı insanlar həyatda baş verən hər şeyə işıqlı tərəfdən baxır, əgər qəlb oxşayan, ruh dincəldən bir şey görürlərsə, onu başqaları ilə paylaşır və hamının bu gözəllikdən bəhrələnməsinə çalışırlar. Hətta yaxşı bir şey görmədikdə belə, onlar özləri gözəlliyi yaradır və yenə də ətrafları ilə paylaşırlar. İyulun 3-də 42-45 dərəcəyə yüksələn isti havanın təsiri ilə ölkənin enerji təminatında mühüm rol oynayan Mingəçevir İES-də baş vermiş qəzadan dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin göstərişi ilə Xüsusi Dövlət Komissiyası yaradıldı, dövlət başçısının tapşırığına uyğun olaraq müvafiq qurumlar operativ şəkildə qəzanın nəticələrinin aradan qaldırılmasına başladılar. Atılan addımlar nəticəsində proqnozlaşdırıla biləcək bütün mənfi halların qarşısı dərhal alındı, ən əsası isə, vətəndaşlarımızın həyatı qorundu, insan tələfatına yol verilmədi və çox qısa zaman kəsiyində elektrik enerjisi təminatı bərpa olundu. Dövlət qurumları qəzanın nəticələrini aradan qaldırmağa çalışarkən Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı silahlı sui-qəsd həyata keçirildi, onun özü və mühafizəçisi yaralandı. Məsələ barədə dərhal Azərbaycan Prezidentinə məruzə olundu, dövlət başçısının tapşırıqları alındı, cinayəti törədən şəxs isti izlərlə tərksilah edilərək saxlanıldı. Hər kəs yaxşı bilir ki, heç bir ölkə fövqəladə haldan, təbii fəlakətdən, böyük qəzalardan və kriminal hadisələrdən sığortlanmayıb. Hazırlıq dərəcəsindən asılı olmayaraq, fövqəladə situasiyaların yaratdığı gözlənilməzlik effekti hər bir ölkədə müəyyən fəsadlar ortaya çıxarır.
Ölkəmizdə kriminogen durum sabit olsa da, cinayətlərin sayına görə Azərbaycan MDB və Şərqi Avropada sonuncu yerlərdə qərar tutsa da, törədilən cinayətlərin açılma səviyyəsinə görə öncül mövqeləri bölüşsək də, insan canına qəsd tipli hadisələr cəmiyyətdə narahatlıq, çaşqınlıq və xof yarada bilir. Belə cinayət tanınmış şəxslərə qarşı törədiləndə isə onun doğurduğu ajiotaj daha böyük olur. Azərbaycanda baş vermiş həm son fövqəladə qəzanın, həm da məlum kriminal hadisənin eyni vaxta düşməsi, əlbəttə ki, əlavə gərginlik yarada bilən hal kimi xarakterizə edilə bilər. Belə hallarda məmurundan tutmuş adi vətəndaşına, iqtidarından tutmuş müxalifətinə, ziyalısından fəhləsinə qədər – hər bir təbəqə, hər bir sağlam düşüncəli insan ümumi işə töhfə vermək üçün əlindən gələni etməli, bunu bacarmadıqda isə, ən azından işə mane ola biləcək artıq hərəkətlərdən çəkinməli, süni gərginlik yarada biləcək hərəkətlərə yol verməməlidir. Lakin təəssüf ki, hərdən insan fəlakətini, fövqəlada qəza və kriminal hadisələri özünə maddi və siyasi dividend mənbəyi hesab edən fürsətcillər, insan ölümündən xüsusi zövq alan şəxslər də tapılır. İnsan faciəsi, baş verən fəlakət yalnız dövlət qurumları üçün deyil, ümumilikdə bütün cəmiyyət üçün, siyasi mövqeyindən, dinindən, irqindən asılı olmayaraq hər bir şəxs üçün bir kamillik imtahanı, sınaq anıdır. Bir şəxsin düçar olduğu bədbəxt hadisədən, insanların rastlaşdığı kütləvi faciələrdən zövq almaq, yaxud bundan öz maraqları naminə bəhrələnməyə çalışmaq indiyə qədər heç kimə divident qazandırmayıb. Fəlakət və qəzalara bir millət olaraq nə dərəcədə hazırıq, fors major situasiyalarda dövlətin yanındayıqmı, şaiyə texnoloqlarının, antimilli ünsürlərin, dövlətimizin qəsdinə hazır duranların fəaliyyətinə, işbazların bazarına meydan tanıyırıqmı? Dünənki hadisəlr fonunda Azərbaycanda mütləq əksəriyyətin bu sınaqdan alnıaçıq çıxdığını çəkinmədən söyləyə bilərəm…
Təəssüf ki, bu dəfə də istisnalar oldu. Yenə də müxalifətin radikal kəsimi və xarici ölkələrdə məişət müxalifətçiliyi edən bəzi “milli təəssübkeşlər” ölkəmizdə baş verən qəzanı şans sanıb iç üzlərini bütün çılpaqlığı ilə açdılar, ortaya kamillik deyil, rəzillik nümunəsi qoydular. Onlar qaranlıq gecəni “məxfilik pərdəsi” hesab edərək insanları “bankları dağıtmağa”, “Azadlıq” meydanına çıxmağa, Gəncədəki cinayəti – dövlət məmurunun həyatına sui-qəsdi “digər şəhərlərdə də təkrarlamağa” çağırışlar etdilər. Onların bir çoxunun saxta profillərdə gizləndiyi, bəzi qonşu dövlətlərin uzantısı olduğu az-çox siyasətdən başı çıxan hər kəsə məlumdur.
Amma bu sırada 1992-1993-cü illərdə Azərbaycanda dövlət katibi, dövlət müşaviri, nə bilim nazir, icra başçısı, prokuror, polis rəisi, hərbi hissə komandirinin olduğunu görüncə, yaxud sabah ölkəmizdə prezident, ölkə başçısı, parlament sədri olmaq istəyən “siyasi xadimlər”i müşahidə edəndə sağlam düşüncəli insanı dəhşət bürüyür. Bunlar o illərdə ölkəmizi necə və hansı təfəkkürlə idarə ediblər?! Allah eləməsin, sabah belə təfəkkürlü insanlar iqtidara gəlsə, ölkənin qanunları ilə, dövlətlə, dövlətçiliklə beləmi davranacaqlar? İtaətsizliyə, dövlət atributlarına sayğısızlığa, insanlara qarşı sui-qəsdə çağıran siyasətçi ilə dövləti necə idarə etmək olar? 1991-1992-ci illərin havasından çıxmaq üçün bu insanlara görəsən daha neçə onilliklər lazımdır? Getdikləri yolun hara aparıb çıxara biləcəyini və yaxud çıxarmayacağını anlamaq onlar üçün bu qədərmi çətindir?










