Parlament niyə insan hüquqlarını müzakirə etmir? - SƏMƏD SEYİDOV BİLDİRİR Kİ, KİMSƏ "PROBLEM YOXDUR" DEYƏNDƏ SƏMİMİ OLMUR

  • Müəllif: admin
  • 29 Yanvar 2019 09:47

Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarına dair qətnaməsindən sonra cəmiyyətdə “Milli Məclisniyə insan hüquqlarını müzakirə etmir” sualı yaranıb.

Gununsesi.org xəbərinə görə, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa parlamentininAzərbaycandakı insan haqlarının vəziyyətini müzakirə etməklə ikili standarta yol verdiyini deyib: “Təəssüf olsun ki, Avropa Parlamentinin içərisində hələ də elə bir qrup mövcuddur ki, Azərbaycan – Avropa İttifaqının münasibətləri konstruktiv, xoşagələn tərzdə cərəyan etməyə başlayan kimi onlar bunun üstündən xətt çəkmək istəyirlər, gündəliyi dəyişməyə çalışırlar”.

Səməd Seyidov deyir ki, bu, birinci dəfə deyil və “bu təxribat”dır. Onun sözlərinə görə, “bu təxribata əl atanlar” “istədikləri cavabı ala bilməyəcəklər”, buna imkan verilməyəcək: “Azərbaycan parlamenti Avropa Parlamenti ilə öz əməkdaşlığını davam etdirir, Azərbaycan hökuməti ilə Avropa İttifaqı arasında əlaqələr yüksək səviyyədədir”.

Millət vəkili vurğulayır ki, Azərbaycanda insan haqları ilə bağlı çox işlər görülüb, söz azadlığı, toplaşma azadlığı var. Ancaq o deyir ki, “bütün ölkələrdə olduğu kimi” Azərbaycanda da insan haqları ilə bağlı problemlər var:

“Kimsə sizə deyirsə ki, Azərbaycanda problem yoxdur, o ən azı səmimi deyil. Ancaq Fransada adamları öldürürlər, küçələrlərdə onları dağıdırlar, minlərlə adamı türməyə salırlar. Hansısa beynəlxalq təşkilatda bunun müzakirəsini görmüsünüzmü? Yox. Amma Azərbaycanla bağlı vəziyyət dərhal müzakirə olunur”, deyə deputat bildirir.

Səməd Seyidov əlavə edir ki, onlar hər hansı müzakirənin yox, “ikili standartların” əleyhinədirlər: “Problemlər mövcuddur, həlli yolları da bəllidir”.

Hökumət tənqidçiləri bildirirlər ki, ölkədə fundamental insan haqları, o cümlədən söz və toplaşma azadlığı tez-tez pozulur, siyasi fəallar təqib olunur, müxtəlif cinayət ittihamları ilə həbs edilirlər.