
“Zəhərlənmə hadisəsinin məhz 90 faizi əhalinin ehtiyatsızlığından baş verir”.
Son zamanlar havaların kəskin soyuması səbəbindən istər Bakı şəhərində, istərsə də respublikamızın ayrı-ayrı bölgələrində əhalinin təbii qaza və istiliyə olan tələbatı xeyli artıb.
Amma məlum olduğu kimi “Azərisitliktəchizat” ASC tərəfindən çox cüzi miqdarda bina istiliklə təchiz edildiyindən “mavi yanacaq”dan istifadə edənlərin sayı həddən artıq çoxdur. Xüsusilə də qış axşamları şaxtalı-ayazlı keçdiyindən bütün gecə boyunca təbii qazdan istifadə edənlərin sayı durmadan artır. Bütün bunlar da son günlərdə obyektiv və subyektiv səbəblər üzündən dəm qazından zəhərlənmələrin sayının artmasında mühüm rol oynamaqdadır. Hətta, sözügedən bədbəxt hadisələrin qurbanlarının da sayı artır.
Bəzi vətəndaşlar və abonentlər zəhərlənmələrin sayının artmasını təbii qazın zəhərli olması ilə əlaqələndirirlər. Mütəxəssislər isə əhalinin ehtiyatsızlığı ucbatından vəziyyətin daha acınacaqlı olacağı barədə xəbərdarlıq edirlər.
Azad İstehlakçılar Birliyinin (AİB) eksperti Nüsrət Qasımov Gununsesi.info-ya açıqlamasında bildirir ki, təbii qazın təmiz olmamasının 99 faizi “preboy”dan asılıdır:
“Yəni 1 kub metr təbii qazın yanması üçün 9.5 kub metr hava lazımdır. Bu isə sobada, yəni “preboy”da yaranır: “Əgər sobanın “preboy”unda nasazlıq varsa, öz funksiyasını düzgün yerinə yetirmirsə, o zaman qaz ya hiss eləməyə, ya da pırıltı ilə yanmağa başlayacaq. Hər iki halda dəm qazı yaranır ki, bu da zəhərlənməyə səbəb olur. Bu gün Bakıda 1 milyon 945 min abonent təbii qazdan istifadə edir. Əgər qaz zəhərli olmuş olsaydı, o zaman kütləvi zəhərlənmə faktı qeydə alınmış olardı. Qazın tərkibində insanları zəhərləyə bilən “Odorant” maddəsidir. Qışda təbii qazın hər min kub metrinə 16 qram, yayda isə 8 qram vurulur. O da zəhərlənmə həddidə deyil. Zəhərlənmə hadisəsinin məhz 90 faizi əhalinin ehtiyatsızlığından baş verir. Ən çox da zəhərlənmə hallı hamam və yataq otağında baş verir. Yatan zamanı qazı yanılı qoyurlar, tüstü bacalarını standartlara uyğun quraşdırmırlar. Otağa 0,1 faiz dəm qazı dolarsa, zəhərlənmə qaçınılmaz olur. İnsanın sağlam olması, eləcə də insan orqanizminin müqavimətinədən asılı olaraq 7 dəqiqədən, yarım saat ərzində insan dəm qazından zəhərlənib ölür”.
“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kəlbəlayev isə Gununsesi.info-ya bildirib ki, rəsmisi olduğu qurum ölkə ərazisi üzrə təbii qazın paylanması, satışı ilə məşğuldur: “Amma buna baxmayaraq hər ay əhaliyə verilən təbii qazın tərkibi təhlil olunur və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən yoxlanılır. Təbii qazın tərkibində heç bir qatqı yoxdur, təmiz qazdır. Hazırda bu barədə həm aidiyyati qurumlar, həm də “Azəriqaz” İB-nin mütəxəssisləri tərəfindən mənzillərə texniki baxış keçirilir. O cümldən kütləvi informasiya vasitələrində, əhalinin sıx olduğu yerlərdə, mənzilərə ilkin qazın verlişi zamanı insanlar arasında marrifləndirmə işləri aparılır, müvafiq təlimatlar verilir, qazdan istifadə qaydarını əks etdirən bukletlərin paylanılır”.
“Qış mövsümündə təbbi qaza olan tələbatın artır. Artan tələbatı nəzərə alaraq əhali qazadan istifadə qaydalarına ciddi şəkildə riayət etməlidirlər. Bir daha qeyd edirəm ki, qazın tərkibində heç bir dəyişiklik yoxdur və “Azəriqaz” İB-i bununla məşğul olmur” – deyə, İ. Kəlbalayev sözlərinə əlavə edib.
Anar
Gununsesi.info












