ADPU-dan narazı işçiyə cavab

  • Müəllif: admin
  • 12 Aprel 2019 11:02

Xəbər verdiyimiz kimi  ADPU-nun sabiq böyük laborantı Əliyeva Arzu Əsəddin qızı çalışdığı ali təhsilocağında üzləşdiyi ədalətsizliklə bağlı ölkə başçısı İlham Əliyevə və  Birinci vitse-prezident Mehriban  Əliyevaya müraciət edib.

Həmin müraciət saytımızda ictimailəşdirildiyindən ADPU-nun mətbuat xidməti iddialara cavab yollayıb.

Həmin cavabı təqdim edirik:

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 65-66-67–ci maddələrinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 may 2001-ci il tarixli 97 nömrəli qərarı ilə təsdiq edilmiş, Azərbaycan Respublikasında “İşçilərin attestasiyasının keçirilməsi qaydaları”na uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetində işçilərin attestasiyasının keçirilməsi barədə 30.12.2016-cı il tarixli 3/422 nömrəli əmr verilmiş, işçilərin öz öhdəsinə düşən işlərin yerinə yetirilməsi keyfiyyətini artırmaq, işçilərin peşəkarlıq səviyyəsini yoxlamaq, ixtisasına, sənədinə müvafiq olaraq onların tutduqları vəzifəyə ( peşəyə) uyğun olduğunu aşkara çıxarmaq üçün 24.02.2017-ci il 3/42 nömrəli əmrlə ADPU-da Attestasiya Komissiyası yaradılmışdır. Əliyeva Arzu Əsəddin qızı ADPU-nun Riyaziyya və informatika fakültəsinin Riyaziyyat və onun tədrisi metodikası kafedrasında böyük laborant vəzifəsində işləyirdi. Arzu Əliyevaya aşagıdakı suallar verilmişdir:” Laborantın funksiyaları dedikdə nə başa düşülür?”, “Baloniya sistemi nədir?”, “Təhsil standartları dedikdə nə başa düşülür?” Bu sadə suallara cavab verə bilməməsi Arzu Əliyevanın tutdugu vəzifəyə uyğun olmadığını göstərdi.

Arzu Əliyeva yazılarında göstərir ki, 25 il ADPU-da nöqsansız işləyib. Sual olunur: 25 il qüsursuz işləyən işçi niyə elementar suallara cavab verə bilmədi? Müraciət etdiyi saytların əksəriyyətində özünü ADPU-nun əməkdaşı kimi qələmə verən Arzu Əliyeva yüksək iddialarla, pafosla danışır bununla oxucu kütləsi qarşısında özünü böyük təhsil işçisi kimi göstərməyə çalışır. Hətta sonuncu müraciətində Ə.Dəmirçizadədən, İsmayıl Şıxlıdan, Mirzə Ələkbər Sabirin oğlu M.Tahirlidən söz açır, sanki bu şəxsiyyətlərlə eyni səviyyədə olmasını göstərməyə çalışır. Əslində isə 25 illik fəaliyyət göstərən bir böyük laborant bu zaman müddətində elmi səviyyəsini yüksəltməklə üstün elmi dərəcə və adlara yüksələ bilərdi. ADPU-nun tədris-köməkçi heyətinin attestasiyası 01.06.2017-ci ildə keçirilmiş və Arzu Əliyeva Attestasiya Komissiyasının suallarına cavab vere bilmədiyi üçün tutduğu vəzifəyə uyğun gəlmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə (peşəkarlıq səviyyəsinin, ixtisasının, peşəsinin kifayət dərəcədə olmadığına görə) əsasən 3 iyul 2017-ci il tarixdən əmək müqaviləsinə xitam verilmişdir. Attestasiya Komissiyası tərəfindən Arzu Əliyevanın adına attestasiya vərəqi tərtib olunmuş və bu sənəd işçinin şəxsi işində saxlanılır. Həmin zaman 140 –a yaxın tədris-köməkçi heyətinin laborantları, böyük laborantları və tyutorlar attestasiyadan keçirilmişlər. Attestasiyadan keçirilmiş 140 işçinin heç biri rektor Cəfər Cəfərovun düşməni deyil, o cümlədən Arzu Əliyeva da bu siyahıya daxildir. Əmək Məcəlləsinin 65-ci maddəsinin 2-ci bəndində deyilir: “Hər bir işçi 3 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilə bilər”.

Arzu Əliyeva attestasiya keçirilməsini qanunsuz bir hərəkət kimi qəbul edir. Peşəkarlıq səviyyəsi yüksək olan işçini heç kim itirmək istəməz. Əmək Məcəlləsinin 67-ci maddəsinə əsasən Attestasiya Komissiyası tərəfindən barəsində tutduğu vəzifəyə uyğun olmadığı haqqında qərar çıxarılmış, işçinin əmək müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “C” bəndinə müvafiq olaraq, 71-ci maddəsində nəzərdə tutulan qaydalara əməl etməklə işəgötürən tərəfindən ləğv edilə bilər. ADPU-da işçilərin attestasiyası Əmək Məcəlləsinin tələblərinə uyğun aparılmışdır. Arzu Əliyeva Azərbaycan Respublikası Əmək Məcəlləsinin 66-cı maddəsinə əsasən attestasiya olunmayan işçilər sırasına daxil deyildir və qanunla nəzərdə tutulmuş hər hansı üstünlük hüququ yoxdur. Arzu Əliyeva onun barəsində ADPU tərəfindən verilmiş əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma günləri ücün əməkhaqqının ödənilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müracət edərək ADPU-ya qarşı iddia qaldırmışdır. Arzu Əliyevanın iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Bundan sora mübahisəyə Bakı Apelyasiya Məhkəməsində və Azərbaycan Respublikasının Ali Məhkəməsində baxılmış, Səbail Rayon Məhkəməsinin 16 noyabr 2017-ci il tarixli qətnaməsi qüvvədə saxlanılmışdır. Məhkəmənin qəbil etdiyi qərarlar dövlət adından çıxarılır və onların icrası məcburidir. Arzu Əliyeva bunlara məhəl qoymayaraq məhkəmələr və hakimlər barədə müxtəlif saytlarda təhqiramiz ifadələr yazmaqdan çəkinmir. Özünə aid olan “Mən məhkəmələri cibimə qoyaram” sözlərinin başqası tərəfindən söyləndiyini bildirir. Bu sözlərin müəllifi Arzu Əliyeva özüdür. Bildirmək istəyirik ki, hüquqlarının pozulması ilə əlaqədar Arzu Əliyeva eyni zamanda 4 saylı region üzrə Dövlət Əmək Müfəttişliyinə müraciət etmiş, onun qaldırdığı məsələlər hərtərəfli araşdırılmış, hər hansı qanun pozuntusu aşkar olunmamışdır. Hesab edirik ki, Arzu Əliyevaya qarşı hər hansı qanunsuz hərəkətə yol verilməmiş və attestasiya qanunun tələbləri səviyyəsində həyata keçirilmişdir. Məhkəmə çəkişməsinin getdiyi dövrdə Arzu Əliyeva həqiqətə uyğun olmayan və şər-böhtan xarakterli yazılarını kütləvi informasiya vasitələri ilə yaymaqla özünü haqlı, qarşı tərəfi isə haqsız göstərməyə çalışmışdır. Bundan əlavə, Arzu Əliyeva “Rubrika.az” saytında ADPU-nun rektoru Cəfər Cəfərovu və ADPU-nun İnsan resursları şöbəsinin müdiri işləmiş Avtandil Bayramovun şərəf və ləyaqətinə xələl gətirən və hər iki şəxsi rüşvətxorluqda ittiham edən əsassız fikirlər söyləmiş və bunlar “Rubruka.az” saytının redaktoru Nicat Mahmudov tərəfindən dərc edilmişdir. Bizim iddiamız əsasında bu məsələyə Yasamal Rayon Məhkəməsində 19 mart 2018-ci il tarixdə baxılmış, cavabdeh tərəf yazdıqlarını sübuta yetirə bilməmiş və Yasamal Rayon Məhkəməsi Arzu Əliyevanın, Nicat Mahmudovun dərc etdirdiyi böhtan və şər xarakterli yazıların əsassız olması barədə qətnamə çıxarmış və təkzib verilməsi məsələsini cavabdeh Nicat Mahmudovun üzərinə qoymuşdur. Görünür ki, Arzu Əliyeva bundan dərs çıxarmayaraq öz şər və böhtanlarını davam etdirir. Yuxarıda göstərilən faktlara və hüquqi əsaslara baxmayaraq, Arzu Əliyeva kütləvi informasya vasitələrinə, müxtəlif saytlara, dövlət və hakimiyyət orqanlarına ADPU-nun rəhbərliyi haqqında həyasız, qərəzli, həqiqəti əks eydirməyən iyrənc, insana yaraşmayan şər və böhtanlar yazmaqda davam edir.

ADPU–nun öz əcəli ilə vəfat etmiş işcilərinə hörmət qoymayaraq onların ölümündə rektoru təqsirkar sayan Arzu Əliyeva bu böhtanları üçün qanun və məhkəmə qarşısında cavab verəcəkdir. Yazdığı böhtanları məhkəmədə sübut etmək Arzu Əliyevanın üzərinə düşür. Bu insanların ölümünü öz əməlinə alət etmək ən azı tərbiyə kasadlığıdır. ADPU-da rektorun qəbuluna gələn şəxslər bir-bir professor Cəfər Cəfərov tərəfindən qəbul olunur. Sual olunur: vəfat etmiş şəxslərlə aparılan danışıqları Arzu Əliyeva rektorun qəbulunda olmadıgı halda hardan bilir? Həm də adıçəkilən şəxslərin heç biri rektorun qəbulunda olmayıb.

Mənsur İbrahimov,

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri