Agentlik əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasına çalışır – FOTOLAR

  • By admin
  • 05 May 2021 12:19

Bu gün Azərbaycanda Əlillərin Hüquqlarının Müdafiəsi Günüdür. Bu barədə qərar 1992-ci ildən BMT Baş Assambleyası tərəfindən verilib.

Qərara əsasən, əliil olan şəxslərin cəmiyyətə inteqrasiyası önəmli amillərdən biridir. Bu prosesdə isə ictimai nəqliyyatın önəmi daha yüksəkdir.

Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev bildirib ki, əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir:

“Ölkə başçısının uğurla həyata keçirilən sosial siyasətinə uyğun olaraq son beş ildə şəhər nəqliyyatında müyəssərliyin təmin olunması üçün də mühüm layihələr icra olunmaqdadır. Məqsəd əlilliyi olan şəxslərin sosial inteqrasiyası, onların cəmiyyətin həyatında digər vətəndaşlarla bərabər əsasda dolğun və effektiv iştirakına nail olmaqdır.

Məlumat üçün bildirim ki, ümumilikdə son 5 ildə 160-dan çox küçədə pandus quraşdırılıb. Mühüm sosial əhəmiyyət kəsb edən bu layihənin icrası sayəsində  əlilliyi olan şəxslərin şəhərin küçə və prospektlərində hərəkəti asanlaşıb. Pandusların mailliyi səkilərə uyğun olaraq 8-10 faiz arasında dəyişir və sürüşməyə davamlı səthdən ibarətdir.

Sosial baxımdan vacib hesab edilən digər bir layihə isə “İdeal səki”-dir. Bu layihə çərçivəsində səkilərdə hərəkətə maneə yaradan hallar tam olaraq aradan qaldırılır və səki boyunca görmə üzrə əlilliyi olan şəxslərin rahatlığı üçün hiss edilən pilitələr döşənir. Hazırda 10-dan artıq küçədə səkilər bu formada yenidən qurulub və bu istiqamətdəki işlər davam etdirilir.

Küçə və prospektlərlə yanaşı yeni nəqliyyat infrastrukturlarında da müyəssərliyin təmin olunması vacib faktor olaraq götürlür. Buna misal olaraq “Koroğlu Nəqliyyat Mübadilə Mərkəzini” qeyd etmək olar”.

Onun sözlərinə görə, eyni zamanda son 5 ildə sərnişindaşımalarda müyəssərliyin təmin olunması üçün də təbdirlər görülməkdədir:

“2015-ci ildən bu günədək paytaxta gətirilən 960-dan artıq avtobusun hamısında pandus mexanizimləri mövcuddur. Ümumiyyətlə sərnişin avtobusları üçün müəyyən olunan norma və standartlarda müyəssərliyin təmin olunması da var.

Əlilliyi olan şəxslər bizdən biridir. Bu səbəbdəndir ki, 32 nəfər əlilliyi olan şəxs BNA-da daimi işlə təmin olunub. Bir nəfər əlilliyi olan gənc könüllülük prqoramında iştirak edir və işlə təmin olunacaq”.

Milli Paralampiya Komitəsinin əməkdaşı, müyəssərlik üzrə ekspert Qoşqar Əkbərov deyib ki, son zamanlar paytaxtda Bakı Nəqliyyat Agentliyi tərəfindən görülən işlər təqdirəlayiqdir:

“Şəhərdə xüsusi panduslarla təchiz olunmuş avtobusların fəaliyyəti əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiyasını təmin edir. Əvvəllər biz əlil arabası ilə səkilərə daxil ola bilmirdik, yaxud avtobuslardan istifadə edə bilmirdik. Layihələr çərçivəsində əlçatan səkilərin olması bizim işimizi yüngülləşdirir. Bu yaxınlarda Bakı ətrafında yerləşən Qala kəndində “BakuBus”a məxsus avtobusun xəttə buraxılması o ərazidə yaşayan əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadəsini mümkün edib”.

O, bütün bunlarla yanaşı, Bakıətrafı kəndlərdə yaşayan əlilliyi olan şəxslərin ictimai nəqliyyatdan istifadə edə bilmədiklərini qeyd edib:

“Çox istərdik ki, əlilliyi olan şəxslər üçün nəzərdə tutulan səkilər, ictimai nəqliyyat şəhərətrafı ərazilərdə də təşkil olunsun. Bəzi kəndlərdə yeraltı keçidlər var, amma onlardan istifadə mümkünsüzdür. Şəhərətrafı kəndlərdəki pandusların maillilik dərəcəsi ondan istifadəyə imkan vermir. Elektrikli platformalar quraşdırılan yerlərdə isə onlardan istifadə etmək olmur. Ümid edirik ki, Bakıdakı şərait kəndlərdə də yaradılacaq”.