Biləsuvar Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə aksiz markası ilə markalanmalı olan məhsulları belə marka olmadan satma və satış məqsədilə saxlama barədə əməliyyat məlumatı daxil olub.
Gununsesi.info qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, “Hyundai Sonata” markalı minik avtomobilində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan külli miqdarda tütün məmulatının olduğu və həmin avtomobilin tütün məmulatını Salyan rayonunun Şorsulu kəndində satmaq məqsədilə Biləsuvar şəhərindən Salyan rayonu istiqamətində hərəkət edəcəyi bildirilib.
Əməliyyat tədbiri nəticəsində “Hyundai Sonata” markalı minik avtomobili saxlanılıb və baxış keçirilib. Baxış zamanı həmin avtomobilin yük yerində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan cəmi 32.600 ədəd “Megan”, “Manchester”, “Amore”, “M1” və “Monus” markalı siqaretlər aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Anar
Gununsesi.info