
Ali və orta ixtisas məktəblərinə hazırlıq kursları təşkil olunacaq.
Gununsesi.info xəbər veriri ki, Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında “Təhsil haqqında” Qanuna dəyişiklik məsələsi müzakirə olunub.
Qanuna nəzərdə tutulan dəyişiklik barədə məlumat verən Elm və təhsil komitəsinin sədri müavini Bəxtiyar Əliyev bildirib ki, qanuna üç dəyişiklik nəzərdə tutulur: ”Birinci dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, ali və orta xistisas məktəblərində hazırlıq kursları müvafiq icra hakimiyyət tərəfindən təşkil olunacaq. Bildiyiniz kimi, ildə 70-80 min abituryent imtahan verir, ancaq onların heç də hamısı ali və orta ixtisas məktəblərinə qəbul oluna bilmirlər. Onlar müəyyən bal toplasa da bakalavr pilləsinə qəbul oluna bilmirlər. Qanuna nəzərdə tutulan dəyişikliyin də məqsədi imtahan zamanı müəyyən bal toplayan abituryentlərin təhsildən kənarda qalmamasını təmin etməkdir. Bu şəxslər hazırlıq kurslarına cəb olunacaq. Hazırlıq kursları bitirən şəxslər müvafiq icra hakimiyyəti tərəfindən buraxılış imtahanları müəyyən ediləcək. Hazırlıq kurslarının müvəfəqiyyətlə bitirənlərin ali və orta ixtisas məktəblərinə qəbul məsələsi müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək”.
B.Əliyev onu da əlavə edib ki, hazırlıq kurslarının ödənişli olması nəzərdə tutulur.
Müzakirələr zamanı çıxış edən millət vəkili Fazil Mustafa dəyişikliyi təqdir edərək bildirib ki, ali məktəblərə qəbul qaydalarını asanlaşdırıb, universiteti bitirməyi çətinləşdirmək lazımdır. “Qoy, bir ali məktəbə on minlərlə adam qəbul olunsun, ancaq 10-20 nəfər diplom ala bilsin. Bununla da pul ölkədə qalır. Bəzən elə olur ki, Azərbaycanda ali məktəbə qəbul zamanı yüksək bal toplayan gənclər xaricidəki ali məktəblərdə təhlisə üstünlük verirlər. Amma onlar da xaricdə təhsili nəzərdə tutulan müddətdə başa vurmurlar. Bu yaxşı praktikadır. Ona görə də bizdə də diplom almağı çətinləşdirmək lazımdır. Tələbə bilməlidir ki, oxumaq lazımdır”.
Deputat Vahid Əhmədovun hazırlıq kurslarını bitirən abituryentlərin ali məktəbə test və ya testsiz qəbul edilməyəcəyi ilə bağlı qaldırdığı məsələ parlamentin spikeri tərəfindən etirazla qarşılandı. Spiker Oqtay Əsədov bildirdi ki, nə üçün biz istənilən məsələdə hansısa xoşagəlməz məqamlar axtarırıq: “İldə 70-80 min abituriyent imtahan verir və onun hardasa 40 mini tələbə adını qazanır. Qalanaları isə kənarda qalır. Məsələn, ötən il 40 min abituryent tələbə adını ala bilməyib. Onların 20 mini xarici ölkəyə üz tutub. Hazırlıq kurslarının da təşkil olunması məhz xaricə axının qarşısını almağa xidmət edir. Burada digər məqam ondan ibarətdir ki, hazırlıq kursunu bitirən abituriyentin ali məktəbə imtahansız qəbulu nəzərdə tutulmur. Hazırlıq kursunu bitirənlər üçün də yekunda imtahan verməsi nəzərdə tutulur”.
Deputat Qüdrət Həsənquliyev də qanuna nəzərdə tutula dəyişikliyi təqdir edərək bildirib ki, bununla da külli miqdarda valyuta ölkədə qalacaq: “Bu gün Azərnbayncanda ali məktəbə qəbul olmayanlar xarici ölkələrə üz tutur. Hansı ki, həmin ölkələrdəki ali məktəblər də elə də reytinqli ali məktəblər deyil. Ora üz tutanların valideynləri də sonradan onlara maddi dəstək vermək üçün ciddi problemlərlə üzləşirlər. Ona görə də qanuna dəyişikliyi təqdir edirəm”.
Deputat sonda onu da bildirib ki, Azərbaycan region ölkələri arasında tələbə sayına görə sonuncu yerdədir və bu say artırılmalıdır.
Mürtəza
Gununsesi.info












