Amnistiya hansı məhkumlara şamil ediləcək?

  • By admin
  • 20 May 2016 09:10

141493

Deputat ağır cinayətkarların bağışlanacağını istisna etmir

Deputat Tahir Kərimli mayın 20-də Milli Məclisin müzakirəsinə çıxarılacaq amnistiya layihəsi haqqında fikirlərini AzadıqRadiosu ilə bölüşür.
O, amnistiyanın daha çox məhkuma şamil edilə bilməsi üçün bəzi təkliflər verir.
– Ölkəmizdəki ictimai-siyasi vəziyyəti götürəndə, mən bu amnistiyaları yüksək qiymətləndirirəm. Birincisi, bizim ölkədə həddən çox məhkum var. İkincisi də, bu amnistiya 10 minə qədər insana şamil olunmalıdır. Bu, böyük rəqəmdir. Cəmiyyətdə konsensusu tapmaqda amnistiyaların böyük rolu var. Bu dəfə amnistiya yüngül cinayət törədən, hətta bir sıra ağır cinayət törədənlərə, ancaq cəzasının çəkilməmiş hissəsi bir ildən aşağı olan şəxslərə, icbari iş alanlara şamil olunacaq. Bir də amnistiyanın əhəmiyyəti ondadır ki, analoji cinayət törədənlərin heç də hamısı məhbus həyatı yaşamır, onların bir qismi cəzalanır. Bu baxımdan, amnistiya ədaləti bərpa edir, yəni başqaları eyni cinayətə görə ifşa edilməyib, çöldədirsə, o birisinin içəridə olması da düz deyil. Onları məsuliyyətə cəlb edə bilmiriksə, bunlar da məsuliyyətdən azad olunmalıdır. Bu psixoloji baxımdan durumu yaxşılaşdırır, nəzarət hissini artırar.
– Amma bu, cəzasızlıq yaratmazmı? Bir başqasını həbs edə bilmirsənsə, digər cinayətkarı azadlığa buraxmaq nə qədər doğrudur?
– Əlbəttə, çalışmaq lazımdır ki, cinayətkarlar məhkum olunsunlar. Ancaq bəzən bu, mümkün olmur.
– Bu dəfə 3 min 500 məhkumun azadlığa çıxacağı gözlənir. Bu rəqəmin az olduğunu düşünənlər də var.
– Elə cinayət var ki, o maddənin birinci hissəsi amnistiyaya düşür, ikinci, üçüncü hissə düşmür. Ağırlaşdırıcı halda, qrup halında, residivist olduğu halda və ya əvvəl amnistiyaya düşüb, indi özünü doğrultmadığı halda amnistiyaya düşməyənlər olur. Belə hallar var. Hesab edirəm ki, amnistiya geniş kütləni əhatə edir. Ancaq qanunda dəyişiklik etməklə amnistiyaya düşənlərin sayını artırmaq mümkündür və bu lazımdır. Bundan ötrü cinayət prosessual qanunvericiliyində təkmilləşdirmə aparmaq gərəkdir. Elə ağır cinayətlər var ki, az ağır cinayətlər kateqoriyasına keçirmək olar və ya ikinci-üçüncü bəndi birinciyə keçirmək mümkündür. Bu yüngülləşdirici hallar əmələ gəlməlidir ki, amnistiya tətbiq olunanda daha çox məhkumu əhatə etsin.
– Yüngülləşdirici halların daha çox hansı cinayətlərə tətbiqini düşünürsüz? Misal gətirə bilərsiz?
– Məsələn, avtoqəzalara görə nə qədər insan həbs edilir. Avtoqəza iki səbəbdən – diqqətsizlikdən, ehtiyatsızlıqdan və özünəgüvənmədən baş verir. Bunun nəticəsində bəzən insan və ya bir neçə insan həyatını itirir. Amma bəzən qəza xəsarətlə bitir. Bu zaman tərəflər arasında barışıq olur, məncə, bu halda qəza törədəni məhkum etməyə dəyməz. Lap xəsarət açıq deyilsə, necə deyim, ağır deyilsə, yüngülləşdirici hallar olmalıdır. Digər cinayətlərə də bunu tövsiyə etmək olar. Mənimsəmə, yeyinti, oğurluq, soyğunçuluq ilə bağlı qanunvericilikdə korrektə aparmaq, cəzanı yüngülləşdirmək olar.
– Tahir bəy, xeyli təklifiniz var. Özünüz gələcəkdə amnistiya layihəsi ilə parlamentə müraciət etmək istəmirsiz?
– Real baxaq. Elə təşəbbüslə çıxış etsəm, ancaq qəbul etməzlərsə, nə mənası var? Mehriban xanım (amnistiya aktı layihəsinin müəllifi ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva – red.) kifayət qədər nüfuz sahibidir dövlətdə. Onun sözü eşidilir və qəbul olunur.