AŞ baş katibi: “Bizim üçün ən başlıca məsələ İlqar Məmmədovun azad edilməsidir”

  • By admin
  • 20 İyun 2016 22:11

Yagland

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar iclasında Avropa Şurasının baş katibi Tyorbörn Yaqland assambleya üzvlərinin suallarını cavablandırıb.

 

Gununsesi.info xəbər verir ki, Azərbaycandakı vəziyyətə toxunan baş katib “Azərbaycanla bağlı təşkilatın baş katibinin istifadə edə biləcəyi hüquqdan istifadə etdim. Bu ölkə ilə bağlı Konvensiyanın 52-ci maddəsinin tətbiq edilməsi qərarını verdim. Hazırda bir sıra məhbuslar azad edilib. Amma onu da əlavə etməliyəm ki, burada bunun necə şərh edilməsi məsələsinə bir az ehtiyatlı yanaşmalıyıq”, – deyə söyləyib.

 

T. Yaqland deyib ki, məhbuslardan bəziləri səhhətlərindəki problemlərə görə azad edilib, bəziləri isə şərti cəzayla azadlığa çıxıblar: “Onlara bəraət verilmədiyi üçün bu insanların əvvəlki kimi yenidən öz işlərində normal fəaliyyət göstərib-göstərməyəcəkləri aydın deyil. Məsələn, mənim bildiyimə görə, hüquq müdafiəçisi İntiqam Əliyevin ofisi tamamilə bağlanıb, orada yenidən işləmək mümkün deyil. Amma bizim üçün ən başlıca məsələ İlqar Məmmədovun azad edilməsidir. Məhz onun haqqında Avropa İnsan Hüquqları Məhkəməsi Konvensiyanın 18-ci maddəsi ilə qərar çıxarılıb. Bu qərar iki il əvvəl qəbul edilib, o isə həbsdə qalmaqdadır”.

 

T. Yaqland son vaxtlar bir çox məhbusun azadlığa buraxılmasını alqışladığını bildirib: “İndi biz Azərbaycandakı vəziyyəti və ölkənin gələcəyinin necə olacağını yaxından izləyirik. Biz əməkdaşlığı davam etdirəcəyik. Həm İlqar Məmmədovun azad edilməsini, həmçinin artıq həbsdən azad edilmiş şəxslərin normal həyata qayıdıb fəaliyyət göstərmələrini diqqətdə saxlayacağıq”.   (APA)