AŞ PA Azərbaycanı müzakirə edəcək - YAP-çı DEPUTAT İSƏ DEYİR Kİ...

  • By admin
  • 01 İyun 2026 14:50
“AŞPA yay sessiyasında Azərbaycan əleyhinə qətnamə layihəsinin qəbulunun planlaşdırılması bizim üçün xüsusi əhəmiyyət kəsb etmir. Sadəcə deyə bilərəm ki, AŞ PA-dakı bəzi qruplar bu cür üsullarla Azərbaycanla Avropa Şurası arasındakı əməkdaşlığa da kölgə salır. Bizim AŞ PA ilə əməkdaşlığımız dayandırılsa da, Avropa Şurasının bir sıra qurumları ilə bu davam edir. Təəssüflər olsun ki, AŞ PA ötən illər ərzində Azərbaycanla münasibətləri yoluna qoymaq xəttini tutmadı”.
Bunu Gununsesi.info-ya açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev AŞ PA-nın uyun sessiyasında Azərbaycanla bağlı nəzərdə tutulan qətnamə layihəsini şərh edərkən deyib.
Qeyd edək ki,  hökumətin tənqid olunduğu həmin layihədə Azərbaycanda siyasi plüralizm, ifadə azadlığı, məhkəmə müstəqilliyi və vətəndaş cəmiyyəti sahəsində durum tənqid olunur və  bu, Avropa Şurası qarşısında götürülmüş öhdəliklərin pozulması kimi qiymətləndirilir.
YAP-çı deputat isə deyir ki, AŞ PA öz fəaliyyəti ilə Azərbaycanı özündən uzaqlaşdırmaq xətti tutub:
“AŞ PA Azərbaycanla əməkdaşlığa, dialoqa maraqlı olmadı. Təəssüflər olsun ki, bu qurum Azərbaycanı sevməyən ayrı-ayrı qrupların əlində alətə çevrilib. Azərbaycan deputat qrupunun olmadığı bir assambleyada bizi müzakirə etmək siyasi baxımdan da etik deyil. Bu demokratik prinsiplərə də ziddir. Qarşındakının fikirlərini eşitmədən, dinləmədən belə müzakirə açmaq heç bir demokratik prinsipə uyğun deyil”.
Qeyd edək ki, assambleyaya təqdim olunan sənəddə Azərbaycanda çoxsaylı siyasi məhbusların olmasından bəhs olunur və məhkəmə sistemi tənqid edilir.
Günay Mahirqızı