ATV ilə “Şamaxı” yeməkxanasındakı davanın istintaqı yekunlaşıb

  • By admin
  • 31 Avqust 2016 12:16

samaxi

İyunun 4-də saat 19:00 radələrində ATV-nin əməkdaşlarıyla Şamaxıda “Şamaxı” restoranında “Yoxlama” layihəsi çərçivəsində çəkiliş aparılan zamanı iaşə obyektinin sahibi arasında baş verən insidentlə bağlı başlanan cinayət işiylə bağlı istintaq yaxın günlərdə tamamlanacaq”. 

Bu haqda Gununsesi.info-ya  Şamaxı rayon prokrorlugunda qaldırılan cinayət işini aparan müstəntiq Tural Kərimov bildirib. Onun sözlərinə görə, həmin faktla bağlı Şamaxı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 163.1 (Jurnalistlərin qanuni peşə fəaliyyətinə mane olma) və 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə başlanılan cinayət işi yekunlaşmaq üzrədir. Müəyyən nəticələr var.  T. Kərimovun sözlərinə görə,  istintaq müddətində tədqiqat işi üzrə müvafiq ekspertizalar, o cümlədən məhkəmə-tibbi ekspertizaları təyin edilib və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib: “İstintaq tamamlanıb, yekunlaşdırılanda fakt üzrə mətbuata və ictimaiyyətə açıqlama veriləcək ” – , deyə o vurğulayıb.

Qeyd edək ki, iyunun 4-də saat 19:00 radələrində ATV-nin əməkdaşlarıyla Şamaxıda “Şamaxı” restoranında “Yoxlama” layihəsi çərçivəsində çəkiliş zamanı iaşə obyektinin sahibiyl arasında insident yaşanıb.  Verilişin aparıcısı Azər İsmayılov və çəkiliş qrupunun üzvləri  Elgün Bayramlı, Loğman İsmayılov, Arif Quliyev, İlqar Quliyev və Polad Axundzadə “Şamaxı” yeməkxanasında icazəsiz çəkiliş apardıqları üçün döyülüblər. Obyektin sahibi Hüseyn Allahverdiyev ATV-nin əməkdaşlarını “reket”likdə ittiham edərək yerli hüquq-mühafizə orqanlarına şikayət edib. Baş vermiş dava ilə bağlı toplanmış materiallar Şamaxı Rayon Prokurorluğuna göndərilib. Prokurorluqdan məlumatı təsdiqləyərək bildiriblər ki, cinayət işinin açılması məsələsi təhqiqatın nəticələrindən asılı olaraq həll ediləcək.

Xatırladaq ki,  Prezident İlham Əliyev “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli Qanununun tətbiqi və sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə fərman imzalayıb. Müəyyən edilir ki, bu fərmanın müddəaları vergi yoxlamalarına şamil edilmir; “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinin birinci və ikinci cümlələrində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur; həmin Qanunun 3.2-ci maddəsində “müvafiq icra hakimiyyəti orqanı” dedikdə İqtisadiyyat və Sənaye Nazirliyi nəzərdə tutulur. Fərmanla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan hallar üzrə aparılmasına yol verilən yoxlamaların Siyahısı” təsdiq edilir. Bu fərmanla təsdiq edilən Siyahıda nəzərdə tutulan yoxlamalara aşağıdakı məhdudiyyətlər müəyyən edilir: – yoxlamalar yalnız insanların həyat və sağlamlığına, dövlətin təhlükəsizliyinə və iqtisadi maraqlarına mühüm təhlükə yaradan halların mövcudluğuna əsaslar olduqda aparılır; – bu fərmanla təsdiq edilən Siyahının 1.4-1.6-cı bəndlərində nəzərdə tutulmuş yoxlamalar istisna olmaqla, yoxlamalar İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə aparılır; – sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılması, habelə digər məhdudlaşdırıcı tədbirlər yalnız Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinin razılığı ilə tətbiq edilir.

Onu da qeyd edək ki, telekanal özü bununla bağlı heç bir bəyanatla çıxış etməyib. Hazırda iş üzrə istintaq tədbirləri  yekunlaşmaq üzrədir.

Gülnaz Qənbərli

Gununsesi.info