Türkiyəli media maqnatı bütün aktivlərini Demirören qrupuna satır
Türkiyə mətbuatında zəlzələ effekti verəcək gəlişmə baş verib.
Ölkənin ən böyük media quruluşlarından biri, “Doğan Medya” qrupu demək olar bütövlükdə əl dəyişdirib.
Türkiyə mətbuatının verdiyi xəbərə görə, holdinqin sahibi Aydın Doğan əlindəki televiziya kanallarını və qəzetləri Demirören qrupuna təslim edib.
Doğan Şirkətlər Qrupunun İctimaiyyəti Aydınlatma Platformasına göndərdiyi bildirişdə aralarında “Posta”, “Fanatik”, “Hürriyet” qəzetlərinin, habelə Kanal D, CNNTürk kanallarının, o cümlədən Dmart şifrəli yayım platforması da daxil olmaqla, holdinqin aktivində olan bütün qurumların satışına başlandığı bildirilib.
Bildirişdə satışın 1 milyard 100 milyon ABŞ dolları həcmində olacağı qeyd edilib.
Ərdoğan Dəmirörən və Aydın Doğan
Qeyd edək ki, Aydın Doğan Türkiyənin ən böyük media patronlarından və nüfuzlu sahibkarlarından hesab olunurdu.
1961-ci ildə iş həyatına başlayan Aydın Doğan həmin il ilk şəxsi şirkətini qurub.
Aydın Doğan media sahəsinə isə 1979-cu ildə “Milliyet” qəzetini Ərcümənt Karacandan satın almaqla daxil olub. Daha sonra media imperiyasını genişləndirən iş adamı Türkiyənin ən çox satılan qəzetləri sayılan “Hürriyet”, “Milliyet”, “Vatan”, “Radikal”, “Fanatik”, “Posta”, “Meydan” , “Gözcü” kimi qəzetlərin, habelə ölkənin ən çox baxılan əyləncə kanallarından sayılan Kanal D, xəbər kanalı CNNTürkün sahibi olub. Ümumilikdə Doğanın əlində 21 televiziya kanalının olduğu bildirilir.
Doğanın media imperiyasını alan Ərdoğan Demirörən onun 60 illik dostu sayılır. Əsasən enerji və maye qaz sahələrində Türkiyənin iri oliqarxlarından sayılan Ərdoğan Demirörən mediada elə Doğandan aldığı “Milliyet” və “Vatan” qəzetlərinə sahiblənməklə addım atıb.
Ərdoğan Demirörənin oğlu Yıldırım Demirörən Beşiktaş futbol klubunun keçmiş prezidenti və hazırda Türkiyə futbol federasiyasının prezidentidir.
Ərdoğan Dəmirörən, Yıldırım Dəmirörən
Türkiyə mətbuatı Doğan medianın olduqca aşağı qiymətə satıldığına da diqqət çəkib. Mətbuat bunun holdinqin borclarının çox olması ilə izah edib.
Xatırladaq ki, Aydın Doğan Türkiyənin koalisiya hökumətləri dövründə ölkədə ictimai rəyə ən güclü təsir göstərən isimlərdən sayılıb. Koalisiya hökumətlərinin zəifliyi A.Doğana partiyalara, onların başqanlarına, deputatlarına, hətta baş nazirlərə belə söz keçirməyə imkan verib.
2002-ci ilin noyabrından, yəni Türkiyədə Tayyip Ərdoğan dönəmi başladıqdan sonra Aydın Doğanın siyasətə təsiri azalmağa başlayıb.
2008-ci ildə onun hökumətlə arası tamamilə pozulub. 2009-cu ilin fevralında Maliyyə nazirliyi holdinqi vergi qaçırmaq cinayətinə görə 826 milyon lirə cərimələyib.
Bütün bunlara rəğmən Aydın Doğanın sahibliyindəki media quruluşları 2016-cı ilin iyun ayında gerçəkləşdirilmək istənilən hərbi çevriliş zamanı prezident Tayyip Ərdoğanın arxasında durub. Türkiyə prezidenti çevriliş gecəsi məhz Aydın Doğana aid CNNTürk kanalında ilk dəfə görünüb və xalqa xitab edərək müqavimətə səsləyib.
Bütün bunlar hökumətlə media maqnatı arasında münasibətləri xeyli yumşaldıb.
Türkiyə mətbuatı mediada böyük dəyişiklik yaradacaq bu satışın arxasındakı proseslərin maraqlı olacağını qeyd edir.
Gununsesi.info