Aydın Mirzəzadə: “Ermənistanın düşünmək üçün müəyyən qədər vaxtı var”

  • By admin
  • 12 İyul 2016 14:55

aydin

 

Prezident İlham Əliyev iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı giriş nitqində Azərbaycanın hərbi potensialı haqqında səsləndirdiyi fikirlər əhalidə  ruh yüksəkliyi yaradıb. “Biz sadəcə olaraq hələ də ümid edirik ki, bu münaqişə sülh yolu ilə həll oluna bilər və ümidlərimiz bir qədər artıb” – deyən dövlət başçısı Ermənistanın təklif olunan məsələ ilə bağlı müsbət cavab verməsi üçün həmsədr ölkələrin və ATƏT-in bu ölkəyə ciddi təzyiq göstərməsinin vacibliyini qeyd edib. Azərbaycanın hərbi potensialının gücləndirilməsinin prioritet olaraq qalacağını vurğulayan prezident aprel hadisələrindən sonra çox ciddi əlavə tədbirlərin görüldüyünü, döyüş qabiliyyətinin böyük dərəcədə artdığını və daha da artacağını diqqətə çatdırıb.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə Gununsesi.info-ya prezidentin çıxışındakı nüanslara münasibət bildirərkən qeyd edib ki, dövlət başçısı İ. Əliyev növbəti dəfə Azərbaycanın ən ağrılı problemi olan Azərbaycan torpaqlarını ermənilərin işğal etməsini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb: “Bu problemin artıq 30 ilədək yaşı var. Bir vaxtlar Sovetlər Birliyi tərkibində mövcud olan problem müstəqillik qazandıqdan sonra Ermənistanın beynəlxalq hüquq normalarını pozması nəticəsində indiyədək də davam edir. Başqa bir halda Avropa bu məsələlərə kəskin münasibətini bildirərdi, amma indi isə Ermənistan və Azərbaycanı tərəzinin eyni gözünə qoyub. Ermənistandan işğalı dayandırması tələb edilmir. Ən yaxşı halda isə tərəflərə razılığa gəlmək təklifi edilir ki, bunun özü də heç bir halda normal düşüncəyə uyğun gəlmir”- deyə, o, bildirib. Millət vəkili hesab edir ki, Azərbaycan öz ərazi bütövlüyün təmin etmək əzmindədir, bunun üçün də bütün variantlardan istifadə edir: “Cənab prezident bir daha danışıqlara sadiq qalmağa razı olduğunu bildirib, bununla belə, Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımadığına görə, danışıqların aparılması və hərbi qüdrətin artırılması Azərbaycan tərəfindən paralel olaraq, həyata keçirilir. Bu, dünyada qəbul edilmiş normalara tamamilə uyğundur. Aprel hadisələri göstərdi ki, Azərbaycan bu gün bütün sahələrdə, eləcə də, hərbi sahədə Ermənistandan qat-qat güclüdür. Ona görə də Ermənistan seçim etməlidir. Ya beynəlxalq hüquq normalarına hörmət , ya da yenidən Azərbaycanın hərbi qüdrətini öz üzərində hiss etməlidir. Azərbaycanın aparacağı hərbi əməliyyatar onun öz ərazisində olduğundan bu baxımdan ölkəmizə heç kim hüquqi irad bildirə bilməz. Hesab edirəm ki, Ermənistanın düşünmək üçün müəyyən qədər vaxtı var”.

Hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, 1994-cü ilin mayın 12-dən bu günədək Azərbaycan kifayət qədər öz müdafiəsi və təhlükəsizliyi üçün vəsait ayırır və xərcləyir. Həmin vəsaitin də xeyli hissəsi Azərbaycan Silahlı Qüvvələri üçün ən müasir silahların, sursatların və texnikanın alınmasına xərcləyib: “Buna görə də hesab edirəm ki, Ali Baş Komandan kimi prezident bəzi məsələləri tam açıqlamır. Ona görə ki, biz ciddi müharibə vəziyyətindəyik. İstəmirik ki, düşmən də bizim nəyə qadir olduğumuzu tam bilsin. Bu gün ermənilər də bunu etiraf edirlər ki, Azərbaycanın kifayət qədər silah-sursatı var. Bu silahlar Ermənisatanda yoxdur. Azərbaycan ən müasir silah-sursata malikdir. Ermənistanda isə 20-ci əsrin 70-80-ci illərinə aid silah-sursatdan istifadə edilir. Cüzi miqdarda isə 90-cı illərin silahlarıdır. Amma bütövlükdə bizim son silahlarımızla bağlı prezident yenə bu yaxınlarda açıqlama verdi ki, Rusiya, İran, Pakistan və İsraildən çoxlu silah almışıq. Bu silahlar kifayət edir ki, Azərbaycan çox qısa bir müddətdə öz ərazi bütövlüyünü bərpa eləsin. Lakin hələ də ATƏT-in Minsk qrupunun həmsədrlərinin fəaliyyətinə ümid edirk ki, onlar özlərində təpər, qeyrət tapıb beynəlxalq hüquq normalarına əhəmiyyət verməyən Ermənistanı həmin normalara hörmətlə yanaşmağa məcbur edəcəklər. İndi ruslar ortaya hansısa plan atıb, müzakirəyə çıxarıblar, lakin görünən odur ki, son günlər Ermənistanın I Qarabağ Müharibəsinin iştirakçıları olan keçmiş döyüşçüləri baş qaldırıblar. Onlar Sərkisyanı onu devirəcəkləri ilə hədələyirlər. Bunlar adi hədlər deyil. Indiyədək də Ermənistan parlamentində Dağlıq Qarabağla bağlı məsələ qaldırılanda deputatlar gülləbaran edildi. Buna görə də, danışıq prosesi dalana dirəndi. İndi də eyni vəziyyət yarana bilər. Hazırda Ermənistanda istənilən an vəziyət nəzarətdən çıxa bilər. Azərbaycan Ordusu isə kifayət qədər təcrübə toplamış, yüksək səviyyədə təlim görmüş, güclü silahlara malik ordudur. Prezidentin Nazirlər Kabinetinin iclasında səsləndirdiyi fikirlərə qatılıram. Hesab edirəm ki, danışıqlar prosesi müsbət nəticə verməzsə, Azərbaycanın Silahlı Qüvvələri öz üzərinə düşən vəzifəni şərəflə yerinə yetirəcəklər. Unutmayaq ki, biz aprel ayının əvvəlində cüzi də olsa, şəxsi heyəti bu proseslərə cəlb etmədən müəyyən nəticələr əldə etdik. Bu dəfə əgər həqiqətən əmr verilərsə, Ordumuz qısa müddətdə öhdəsinə düşən vəzifələri şərəflə yerinə yerinə yetirəcəklər”.

 

uzeyir

 

Gülnaz Qənbərli