
“ 2016-cı ildə Avropa İttifaqının Azərbaycanın xarici ticarətindəki payı 35%, 2017-ci ilin 4 ayında isə 38% təşkil edib. Son 10 ildə Avropa İttifaqı Azərbaycanda əsas kapitala təqribən 20 mlrd. ABŞ dolları investisiya yatırıb”.
Gununsesi.info xəbər verir ki, bunu iqtisadiyyat naziri Şahin Mustafayev bu hün Bakıda düzənlənən 3-cü Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumunda vurğulayıb.
Ş.Mustafayevin sözlərinə görə, Azərbaycanda 1300-dən çox Avropa İttifaqı ölkələrinin şirkəti fəaliyyət göstərir: “Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rol oynayır, ölkəmiz Bakı-Tbilisi-Ceyhan layihəsi üzrə Avropa İttifaqı ilə əməkdaşlıq edir. Cənub Qaz Dəhlizi layihəsi enerji sahəsində strateji əməkdaşlığımızın gözəl nümunələrindəndir. Cənub Qaz Dəhlizinin tərkib hissəsi olan “Şahdəniz 2” üzrə işlərin 93%, Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi üzrə 85%, TANAP üzrə 72%, TAP üzrə 42% yerinə yetirilib.
Azərbaycan Avropa İttifaqı ilə Tvinninq, TAİEX, SİGMA, Texniki Dəstək, Büdcəyə Dəstək alətləri çərçivəsində də əməkdaşlıq edir və bu alətlər çərçivəsində 1992-ci ildən Azərbaycana 582 mln. avro məbləğində yardım göstərilib”.
Nazir qeyd edib ki, hazırda dünya iqtisadiyyatında gedən neqativ proseslərdən qaynaqlanan xarici mənfi təsirlərinin qarşısının alınması və dayanıqlı inkişafın təmin olunması məqsədilə mövcud çağırışların tələblərinə uyğun iqtisadi islahatlar davam edir.
Bildirilib ki, iqtisadi sahədə aparılan islahatlar çərçivəsində sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılıb, lisenziyaların sayı kəskin azaldılıb, inzibati proseduralar sadələşdirilib, elektron xidmətlər, sahibkarlığın inkişafına dəstək mexanizmləri genişləndirilib və s. Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına indiyədək 800 mln. dollar investisiya qoyulub. İniyədək sahibkarlara 154 investisiya təşviqi sənədi verilib ki, bu layihələr üzrə iqtisadiyyata 1,5 mlrd. manat investisiya qoyuluşuna imkan yaradır. Bu ilin 4 ayında ölkədən keçmiş tranzit yüklərin həcmi 23% artıb. Qeyri-neft ixracının genişləndirilməsi prioritet istiqamətlərdəndir və artıq Azərbaycanın Rusiya, Çin və BƏƏ-yə ticarət nümayəndələri təyin olunub. Avropa İttifaqı ölkələrinə də Azərbaycanın ticarət nümayəndələrinin təyin olunması nəzərdə tutulur.
Ş.Mustafayevə görə, bu ilin 4 ayında valyuta ehtiyatları 1,3 mlrd. ABŞ dollar artıb və 39 mlrd. ABŞ dolları təşkil edir. 1 aprel 2017-ci il tarixinə valyuta ehtiyatları xarici borcdan 3,2 dəfə çoxdur.
Vüsalə Rüstəmova
Gununsesi.info












