Azərbaycanda nağdsız ödənişlər çoxalacaq

  • By admin
  • 12 Fevral 2020 13:14

Azərbaycanda nağdsız ödənişlərin həcmi hər il minimum 7 faiz artmalıdır.

Gununsesi.org-un məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Bakıda “Visa” beynəlxalq kart təşkilatının, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin (ABB), “Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin dəstəyi ilə keçirilən “Visa Cashless: Driving the future” forumunda deyib.

O bildirib ki, nağdsız ödənişlərin inkişafı proqramı çərçivəsində bu göstərici ildə azı 17 milyard dollaradək artmalıdır.

V.Qasımlının sözlərinə görə, Azərbaycanda nağdsız ödənişlərin xalis çəkisi 40 faiz təşkil edir ki, bu da bank sisteminin daxilində sıx əməkdaşlığın əsas elementlərindən biridir. Dövlət başçısı tərəfindən rəqəmsal dəstək istiqamətində qəbul edilən qərarlar bu sektor daxilində qarşılıqlı əməkdaşlığı təşviq edir:

“Hesab edirəm ki, gələcəkdə maliyyə modelinin təkmilləşməsi üçün böyük təkan baş verəcək. Bu gün maliyyə ödəmələrinin artım stabilliyini təmin etmək və elektron ticarəti inkişaf etdirmək üçün müxtəlif vasitələrimiz mövcuddur”.

Gununsesi.org