Azərbaycanda teleradio işçilərinin peşə bayramı qeyd edilib -FOTOLAR

  • By admin
  • 05 Noyabr 2019 16:56

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti radio və televiziya işçilərinin peşə bayramı günü münasibətilə Akademik Opera və Balet Teatrında tədbir təşkil edib.

Gununsesi.org xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov, Milli Məclisin deputatları, mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycan Dövlət Televiziya və Radiosunun tarixindən danışılıb, cəmiyyətimiz üçün əhəmiyyəti vurğulanıb. Bildirilib ki, 1926-cı il noyabrın 6-da Azərbaycanda ilk dəfə radio verilişlərinin yayımına başlanılıb. Həmin gün ölkə paytaxtının küçələri və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı” ifadəsi yayılıb. Bu hadisə o vaxt Azərbaycan xalqının siyasi və mədəni həyatında böyük bir yenilik idi.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov çıxış edərək teleradio işçilərini radio və televiziya günü münasibətilə təbrik edib.

Prezidentin köməkçisi teleradio fəaliyyətinin Azərbaycan mədəniyyətinin güzgüsü olduğunu bildirib. Qeyd edib ki, teleradio fəaliyyəti Azərbaycan mədəniyyətinin və incəsənətinin formalaşmasında mühüm rol oynayıb. Teleradio, eyni zamanda, Azərbaycanın siyasi salnaməsini yaradır və onun ən yaxşı nümunələrini dünyada tanıdır.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin teleradio fəaliyyətinə böyük önəm verdiyini vurğulayan Əli Həsənov deyib ki, Azərbaycanda teleradio fəaliyyəti mühüm inkişaf yolu keçib, xüsusilə də müstəqillik illərində bu sahə xeyli inkişaf edib. Teleradio fəaliyyəti ilə məşğul olan insanlar Azərbaycan dövlətinin milli, tarixi, mədəni salnaməsini yaradırlar. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə Azərbaycanda mətbuat üzərindən senzuranı götürməsi teleradio fəaliyyətinin inkişafına da mühüm təsir göstərdi. Bu gün Azərbaycanda kifayət qədər müstəqil teleradio kompaniyaları fəaliyyət göstərir. Bu teleradio kompaniyaları müasir texnologiyalar və avadanlıqlarla təmin olunub və dünyanın qabaqcıl teleradio kompaniyaları ilə rəqabət aparmaq qabiliyyətindədir. Teleradio kompaniyaları bu gün Azərbaycanı, ölkəmizin mədəniyyətini həm regionda, həm də dünyada layiqincə təbliğ edir.

Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmov deyib ki, Azərbaycanda teleradio fəaliyyəti ən mühüm fəaliyyət sahələrindən birinə çevrilib. Azərbaycanda radionun yaranmasından 93, televiziyanın yaranmasından isə 63 il keçir. Sovet dövründə məhdudiyyətlərə baxmayaraq, o zaman Azərbaycanın görkəmli mədəniyyət və incəsənət xadimləri teleradio sahəsində gözəl bədii mühit yaratmağı bacarmışdılar. Müstəqillik illərində Azərbaycanda özəl televiziya kanalları yarandı və teleradio sahəsinə bir zənginlik gəldi. Bu sahədə çalışan insanlar da çoxaldı. Kabel, internet, peyk, mobil yayım növləri fəaliyyətə başladı. Eyni zamanda, Azərbaycanda ixtisaslaşmış telekanallar meydana gəldi. Mədəniyyət, idman, xəbər kanalları yarandı və bu, teleradio sahəsində çox ciddi bir uğurdur. Bir sözlə, bu gün Azərbaycanın teleradio palitrası olduqca zəngindir. Ümummilli lider Heydər Əliyevin teleradio sahəsinə göstərdiyi diqqət və qayğı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra tədbirin bədii hissəsi başlayıb.

Bədii hissədə “Azərbaycan Televiziya və Radio” QSC-nin “Niyazi” adına simfonik orkestri, “Qaytağı” instrumental ansamblı, Gülarə Əliyeva adına “Dan ulduzu” instrumental ansamblı, solistlər – Xalq artistləri Azər Zeynalov, Mübariz Tağıyev, Əməkdar artistlər Teymur Əmrah, Cahangir Qurbanov, İlahə Əfəndiyeva, Əfsər Cavanşirov adına “Bənövşə” uşaq xoru, Xalq artistləri Alim Qasımov, Fərqanə Qasımova, Mənsum İbrahimov, Faiq Ağayev, Əməkdar artistlər Ramil Qasımov, Abbas Bağırov bir-birindən maraqlı ifaları ilə çıxış ediblər.

Sonda isə “Azərbaycan Televiziya və Radio” QSC-nin Cahangir Cahangirov adına xor kollektivi öz ifası ilə tədbirə rəng qatıb.