Azərbaycanda vərəmə yoluxanların sayı AÇIQLANDI

  • By admin
  • 10 Avqust 2016 12:12

verem

Elmi Tədqiqat Аğ Ciyər Xəstəlikləri İnstitutunun fəaliyyətinə dair dəyirmi masa keçirilib.

Gununsesi.info xəbər verir ki, tədbirdə bildirilib ki, vərəm – əsasən hava-damcı yolu ilə ötürülən infeksion xəstəlikdir. Ümümdünya Səhiyyə Təşkilatının statistik məlumatına əsasən dünyada il ərzində 9 milyondan artıq insan bu xəstəliklə xəstələnir və 1 milyon 800 min  insan bu xəstəlikdən vəfat edir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq, cəmiyyətin sağlam inkişafına təhlükə yaradır. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında düzgün müalicə olunmaması əlillik və ölümlə nəticələnir.

1993-cü ildə ÜST vərəm xəstəliyinin yayılmasının qarşısının alınması və epidemioloji vəziyyətin nəzarət altında saxlanılması məqsədilə dünyada gərgin epidemioloji vəziyyət elan edib. Bu xəstəliyə qarşı bütün ölkələrə birgə mübarizə aparmağı tövsiyə edib. Ümumdünya Səhiyyə Təşkilatı dünya ictimaiyyəti qarşısında 2050-ci ilədək vərəmin yayılmasını qeyri əhəmiyyətli səviyyəyə çatdırılması vəzifəsini qoyur. Lakin buna nail olmaq üçün həm səhiyyə sistemləri, həm də bütün dünya ölkələrinin hökumətləri tərəfindən ciddi səylər tələb olunur.

Bu problemlər Azərbaycanda da aktualdır, lakin son statistik məlumatlara əsasən son illərdə ölkədə xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyası müşahidə olunur.

Qeyd olunub ki, son 5 ildə Azərbaycanda vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər (2010 ildə 100 000 əhaliyə 53,5-dən 2014 ildə 100 000 əhaliyə 41,3-yə dək azalma) müşahidə edilir.
Epidemioloji vəziyyəti xarakterizə edən əlavə gostəricilərdən biri də ilkin aşkar olunmuş vərəmli xəstələr arasında ayri-ayri kliniki formalar üzrə xəstələnmədir. Epidemioloji prosesin gedişini təyin etmək üçün cari ildə ilkin xəstələr arasında 0-14 və 15-17 yaş qruplarında xəstələnən uşaqların payı hesablanılır. Son illər ərzində uşaqlar və yeniyetmələr arasında xəstələnmənin azalması (21,45-dən 14,3-dək ) müşahidə olunur. Bu birtərəfli tendensiya ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir.

2010-cu ildən vərəmli xəstələrin dərmanla təchizatını dövlət öz üzərinə götürüb. 2013-cü ildən etibarən dərmana davamlı vərəmli xəstələrin də müalicəsi üçün lazım olan dərman preparatları da dövlət tərəfindən təchiz olunur. Xəstələr tam pulsuz müalicə alırlar.

Hazırda Dövlət Proqramı çərçivəsində dərmana davamlı vərəmli xəstələrə xidmət göstərən müasir standartlara cavab verən 3 mərkəz (6 saylı, 8 saylı və 9 saylı xüsusiləşdirilmiş vərəm xəstəxanaları) istifadəyə verilib.

 

Gununsesi.info